Gürcüstanın baş naziri ölkə müsəlmanlarına iftar süfrəsi açıb

img

02-06-2019 [15:55]


Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin adından ölkənin müxtəlif bölgələrində yaşayan müsəlmanlar üçün iftar süfrəsi təşkil olunub.

Mia.az "Report”a istinadla xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, deputatlar, Azərbaycan, Türkiyə İran, İraq, Qətər, Türkmənistanın Gürcüstandakı səfirləri, din xadimləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

M.Baxtadze çıxışında Ramazan ayı və qarşıdan gələn Ramazan bayramı münasibəti ilə ölkə müsəlmanlarını təbrik edib. O, Ramazan ayının özünün şəfqət, sevgi, yardımsevərliliyi ilə seçilən bir ay olduğunu bildirib: "Tarix boyu ölkəmizdə xristianlar, müsəlmanlar və digər dinlərə mənsub vətəndaşlar birgə qarşılıqlı hörmət, sülh şəraitində və mehriban yaşayıblar. Ənənə bu gün də davam edir və Gürcüstan dövləti gələcəkdə də tarixi adəti gələcək nəsillərdə yaşadacaq.

Hamımız bu ölkənin vətəndaşıyıq və ona görə də ölkəmizin inkişafı istiqamətində əlimizdən gələni əsirgəməməliyik”.

Daha sonra çıxış edən Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze Gürcüstanda yaşayan müsəlmanların son illərdəki dini vəziyyəti ilə bağlı məlumat verib. O, dövlətin müsəlmanlara və digər ənənəvi dinlərə diqqət və dəstəyindən danışıb.

Gürcüstan Müsəlmanlar İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov, Qərbi Gürcüstanın müftisi Hacı Beqlar Kamaşidze, Şərqi Gürcüstanın müftisi Yasin Əliyev də çıxış edərək ölkədə İslam dininə göstərilən diqqət, hörmət və etimada görə hökümət başçısına təşəkkür ediblər.

Onlar Ramazan ayı boyunca ölkənin müsəlmanlar yaşayan bütün bölgələrində dövlət tərəfindən təşkil olunan iftar süfrələrinə görə də baş nazirə minnətdarlıqlarını bildiriblər.

Mərasimdə ölkənin rifahı, ərazi bütövlüyü, xoş gələcəyi üçün dualar edilib, dünyaya sülh və əmin-amanlıq arzulanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR