ATƏT Minsk qrupu həmsədrləri birgə bəyanatı yaydı - Qarabağla bağlı

30-05-2019 [23:39]
ATƏT Minsk qrupu həmsədrlərinin birgə bəyanatı yayılıb.

Bəyanatda qeyd edilir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa, Endrü Şofer – ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik 27-30 may tarixlərində regiona səfər ediblər: "Həmsədrlər mayın 27-si Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyan ilə, mayın 30-u isə Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşüblər. Hər iki paytaxtda onlar xarici işlər nazirləri və müdafiə nazirləri ilə də məsləhətləşmələr keçiriblər. Bakıda həmsədrlər, həmçinin Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri ilə də görüşüblər".

Bəyanatda qeyd edilir ki, səfərin əsas məqsədi təmas xəttində və beynəlxalq sərhəddə vəziyyətin inkişafını dəyərləndirmək, o cümlədən Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında martın 29-u Vyanada, daha sonra isə aprelin 15-i Moskvada iki ölkənin xarici işlər nazirləri arasında aparılan müzakirələri davam etdirmək olub: "İstəyə uyğun olaraq, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində konkret sonrakı addımlar, həmçinin humanitar və təhlükəsizlik tədbirləri haqqında təkliflərini təqdim ediblər. Azərbaycan və Ermənistanın XİN rəhbərləri həmsədrlərin yaxın zamanda onların himayəsi altında görüşün keçirilməsi barədə təklifini qəbul ediblər və təfərrüatları müvafiq vaxtda açıqlayacaqlar. Həmsədrlər son qurbanlara görə dərin narahatlıqlarını ifadə ediblər və tərəfləri eskalasiyadan yayınmaq üçün maksimum təmkinlik göstərməyə çağırıblar".

Trend


SON XƏBƏRLƏR