"Samir Şərifovun ən yüngül cəzası istefa olmalı idi" - İqtisadçıdan müsahibə

30-05-2019 [10:51]
Bir neçə il öncə ölkəmizdə yaranan iqtisadi böhran, baş verən devalvasiyadan sonra bank-maliyyə sektorundakı problemlər hələ də davam edir. 

Xüsusən də əmanətlərlə bağlı narahatlıq tam aradan qalxmayıb. Əhalinin banklara inamını artırmaq və maliyyə sabitliyini təmin eləmək üçün "Əmanətlərin tam sığortalanması haqqında” Qanunun müddəti uzadılsa da, bu səhədə problemlər qalır. Məsələn, "Atrabank”ın kreditorları ilə bağlı problem daha da dərinləşir, onlar əmanətlərini qanunun tələb elədiyi faizlərlə tam ala bilmirlər. 

Mia.az xəbər verir ki, bu və ya digər məsələlərlə bağlı Reyting.az-a müsahibə verən tanınmış iqtisadçı Natiq Cəfərli maraqlı məqamlara toxunub:


- Əslində, 2018-ci ildən başlayaraq, bank sektoruna güvənin artdığını demək mümkün deyil, amma güvən müəyyən mənada bərpa olunub. 

Prezidentin problemli kreditlərlə bağlı son fərmanı bankların da vəziyyətində yaxşılaşmaya səbəb oldu. Düzdür, dövlət büdcəsi hesabına olsa da, xeyli insana və banklara yardım edildi. Çünki həmin vəsaitin bir hissəsi banklarda qaldı, borcların silinməsinə getdi. Bu mənada, bankların vəziyyəti bir az düzəlib. 

Amma depozitlərə dövlətin zəmanətinin olmasına baxmayaraq, zaman-aman bu sahədə problemlərin yaşandığı danılmazdır. 

Yeri gəlmişkən onu da deyim ki, banklar müştərinin xəbəri olmadan faiz dərəcələrini öz xeyirlərinə dəyişirlər. Müştərilər çox vaxt müqaviləni oxumadan imzalayırlar, orada çox kiçik şriftlə qeyd olunur ki, banka müqaviləyə təktərəfli qaydada yenidən baxmaq səlahiyyəti verilir. 

Son zamanlar manatla olan depozitlərin faizləri aşağı salınır. Bu da, əslində, müştərilərin hüquqularının pozulması deməkdir. Ona görə də vətəndaşlar müqavilə imzalayarkən diqqətli olmalıdırlar. 

- Konkret faktlar da çoxdur. "Atrabank”ın kreditorları Əmanətlərin Sığortalanması Fondunu da ittiham edir və bildirirlər ki, onlara məxsus vəsaitin qaytarılmasında adıçəkilən Fond üzərinə düşən işi lazımi səviyyədə yerinə yetirmir. Belə narazılıqlar gündəmə gələndə, Fond öhdəliyi yerinə yetirməyəndə hansı addmlar atılmalıdır, kreditor hüququnu necə təmin etməlidir?

- Yeni qaydalara görə, bu kimi hallarda narazı tərəf Maliyyə Bazarlarına Nəzarət Palatasına şikayət etməlidir. Onların ilkin qərarından sonra məsələ həll olunmasa, yeganə yol məhkəməyə müraciətdir. Yəni kreditor məhkəməyə üz tutur, sənədlərini təqdim edir, haqlı olduğunu sübuta yetirərək haqqını tələb edir. Çox təəssüf ki, bizdə bu cür məsələlərin həllində proses çox uzun çəkir. İstər hüquqi, istərsə də fiziki şəxslər olsun, öz hüquqlarını bərpa etmək üçün enerji xərcləməyə, əsəblərini pozmağa məcbur olurlar. 

- Kreditor-bank narzılığında ittiham olunan tərəflərdən biri də Maliyyə Bazarlarına Nəzarət Palatasıdır. Yəni, problemlə üzləşən kreditorlar Palatanı işlək mexanizm hazırlaya və işə effektiv nəzarət edə bilməməkdə ittiham eləyirlər. Necə düşünürsünüz, Palata öz funksiyasını lazımi formada yerinə yetirə bilirmi?

- Əslində Palatanın yaranma məsələsi çox müəmmalı qaldı. Bu barədə dəfələrlə fikrimi bildirmişdim. Mərkəzi Bankın bəzi funksiyalarını alaraq başqa bir quruma verməklə yeni bir qurum yaradıldı. Lüzum var idimi? Mən bu gün də düşünürəm ki, yox idi. Çünki əlavə nəzarət mexanizmlərinin olması işin effektivliyinin artmasına dəlalət eləmir. Əksinə, bank sektorunda əlavə nəzarət mexanizmlərinin olması bank xidmətlərinin obrazlı desək, bahalaşmasına səbəb olur. Palataya da əlavə üzvlük haqqı ödənilir, amma bu qurum hansı şərtlər daxilində öz funksiyasını yerinə yetirəcək? Bununla bağlı normal iş düzəni hələ də yoxdur. Yəni, Palatanın fəaliyyətində kifayət qədər ciddi problemlər var. Keçmiş rəhbərliklə də problemlər var idi, yenisi ilə də. Yenə də həmin funksiyaların Palatada qalmasının nəyə xidmət etdiyini rəsmi qurumlar normal şəkildə izah edə bilmirlər. Əslində, Mərkəzi Bankın səlahiyyətlərinin bir qismini Palataya verməklə ikitirəlik yaratdılar. İndi banklara təsiretmə və təzyiq mexanimləri həm Palatada, həm də Mərkəzi Bankda var. Əsas məsələlərdən biri də odur ki, çox zaman bu funksiyalar toqquşur. Bunun da əziyyətini maliyyə sektorunda çalışan biznes qurumları çəkir. 

- Fikirlər səslənir ki, ölkədəki bankların hamısı bu və ya digər formada oliqarx-məmurlarındır. O zaman Palata ilə Mərkəzi Bank onların banklarına necə təzyiq edə bilər?

- Lap açıq danışsaq, söhbət ondan gedir ki, hansı oliqarx Mərkəzi Banka və onun rəhbərliyinə yaxındırsa, onun vasitəsiylə problemlərini həll etməyə çalışır. Kim Palataya yaxındırsa, onlar vasitəsiylə öz problemərini yoluna qoyur. Belə olanda, ortaya çevik mexanizmi olmayan sistem çıxır. Problemin kökü də budur. 

Bizdə biznes məmurdan hələ ayrılmayıb. Heç kimə sirr deyil ki, Azərbaycanda banklar bir neçə insana məxsusdur ki, onlar da hakimiyyətdə təmsil olunurlar. Burada da artıq maraqların toqquşması baş verir. Məmurlar öz banklarına sərf edəcək formada qərarların verilməsinə çalışırlar. Burada itirən həm vətəndaş olur, həm də ümumi iqtisadiyyat. Çünki bank sektoru ümumi iqtisadiyyatın qan-damar sistemidir. Bank sistemi normal çalışmalıdır ki, iqtisadiyyat da normal inkişaf edə bilsin. Bu, indiki şəraitdə, yəni oliqarx-məmurların təsiri altında mümkünsüz görünür. 

- Natiq bəy, ümumiyyətlə, kreditorlarla müflis elan olunmuş banklar arasındakı problemin həlli üçün hansı addımları atmaq olar? Partiya olaraq, bununla bağlı hökumətə hansısa təkliflər vermisinizmi? 

- İndiyə kimi media vasitəsiylə müxtəlif təkliflər səsləndirilib. Qruplaşdırılmış şəkildə bir təklif yox idi, amma ayrı-ayrı məsələlərlə bağlı müraciətlərimiz olub. Ana təklif ondan ibarət idi ki, bu sahədə olan problemlər birdəfəlik həll olunmalıdır. Məsələn, Beynəlxalq Bankla bağlı məsələdə dövlət bütün xərcləri öz üzərinə götürdü və 3 milyard xarici, 10 milyard daxili borcu bağladı. Amma devalvasiyadan sonra dövlət başqa banklarla bağlı yarımçıq addım atdı. Son kredit amnistiyası təbii ki, pozitiv addımdır, amma bu, məsələni kökündən həll etmədi. 10 min dollara qədər kiçik kredit bazarını əhatə edən bir qərar oldu. Kiçik və orta biznes bu qərardan kənarda qaldı. Ümumiyyətlə, bankların işlək vəziyyətə gətirilməsi üçün paralel olaraq digər addımlar da atılmalı idi. 

- Hansı addımları nəzərdə tutursunuz?

- Söhbət ondan gedir ki, xarici bankların Azərbaycan bazarına birbaşa daxil olması üçün imkan yaradılmalı idi. Çox təəssüf ki, biz bunu görmürük. Ərazisi və əhalisi bizdən iki dəfə kiçik olan Gürcüstanda 8 beynəlxalq bank birbaşa fəaliyyət göstərir. Ona görə də rəqabətli mühit yarada bildilər. Bu səbəbdən Gürcüstanda həm depozit faizləri cəlbedicidir, həm də kredit faizləri çox aşağıdır. 

Çox qəribədir ki, bizim ölkədə Mərkəzi Bankın uçot dərəcəsinin neçə olmasından asılı olmayaraq, kredit faizləri ucuzlaşmır. Çünki rəqabətli mühit yoxdur. 4 il qabaq uçot dərəcəsi 3 faiz idi, onda kredit faizi 25-30 arasında dəyişirdi, sonra 15 faizə qədər qaldırıldı, yenə kredit faizləri 20-30 faiz oldu. Bu, onun göstərir ki, Azərbaycanda bank sektorunun iqtisadi mexanizmlərlə idarə olunması arxa planda qalıb. İqtisadi mexanizmin yolu rəqabətdən keçir. Hesab edirəm ki, xarici bankların Azərbaycan bazarına daxil olması həm kredit faizlərini aşağı salar, həm də əhaliyə keyfiyyətli xidmət göstərilər. 

- Beynəlxalq Bankla bağlı məsələyə toxundunuz. Bəzi ekspertlər Azərbaycandakı bank-maliyyə probleminin səbəblərindən biri kimi Beynəlxalq Bankda baş vermiş ciddi maliyyə fırılıdaqlarını da əsas kimi göstərirlər. Bu barədə də fikirlərinizi bilmək istərdik.

- Beynəlxalq Bank ətrafında baş verənlər ölkənin bank sektoruna çox ciddi təsir etdi və hələ də öz təsirini göstərməkdədir. Maliyyə naziri açıqlama vermişdi ki, bank 2018-ci ildə özəlləşdirməyə çıxarılacaq, amma 2019-cu ilin yarısını arxada qoyuruq, hələ də özəlləşmə baş tutmayıb. Son açıqlama ondan ibarət oldu ki, özəlləşdirmə bu il də olmayacaq. Bu da onun nəticəsidir ki, Beynəlxalq Bankla bağlı proseslər ölkənin bank sektoruna beynəlxalq güvəni yerlə yeksan eləyib. Dövlətin borcları öz üzərinə götürməsinə baxmayaraq, hələ də bu güvən bərpa olunmayıb. 

Bank sektorundakı poblemlərin kökündə məhz Beynəlxalq Banlka bağlı məsələlər durur. Beynəlxalq Bankı dövlət hesabına təmizlədilər, amma hələ də hegemon mövqeyinə baxmayaraq, öncəki vəziyyətini bərpa edə bilmir. Düşünürəm ki, Beynəlxalq Bankın Azərbaycan iqtisadiyyatına vurduğu ziyanın əks-sədası hələ bir neçə il davam edəcək. 

- Amma bu qədər dərin problemin yaranmasına göz yuman Maliyyə Nazirliyinin rəhbərliyi məsuliyyətdən yayına bilib... 

- Qanuna görə Maliyyə nazirinin birinci müavini Müşahidə Şurasının sədri olur. Beynəlxalq Bankla bağlı məsələlər dərindən araşdırılsaydı, 10 milyard daxili borcun, kreditlərin kimə, hansı şərtlərlə verildiyi doğru-dürüst araşdırılsaydı, səs-küylü məhkəmələr qurulardı, yüksək vəzifəli məmurlar da məsuliyyətə cəlb olunardı. Çünki təkcə bank sədrinin bu qədər işin altına girməsi inandırıcı görünmür. Təbii ki, onun əməllərində cinayət tərkibi var, məhkəməyə cəlb olunması doğru addım idi, amma təkbaşına bu qədər maliyyə fırıldaqlarını etməsi inandırıcı görünmür. Yəni, bu məsələdə hüquqi məsuliyyət daşıyan qurumlardan biri də Maliyyə Nazirliyidir. 

- Cahangir Hacıyev də məhkəmədə demişdi ki, Maliyyə naziri Samir Şərifov mənim yanımda - müttəhimlər kürsüsündə oturmalıdır. İddia edilir ki, qanunun tələbləri pozularaq böyük məbləğdə, həm də zaminsiz kreditlər verilib ki, bu, Samir Şərifov icazəsi olmadan mümkün deyilmiş, amma Cahangir Hacıyev əsas məsuliyyət sahibi kimi müttəhimlər kürsüsündə tək oturub. Sizcə, Samir Şərifov və Müşahidə Şurasının digər üzvləri də müttəhimlər kürsüsündə Cahangir Hacıyevlə yanaşı oturmalı deyildilərmi?

- Maliyyə Nazirliyinin bu məsələdə məsuliyyəti məhkəmələrdə araşdırılmadı. Maliyyə nazirinin özü də, rəhbərlik etdiyi qurum da Beynəlxalq Banka görə məsuliyyət daşıyır. Ən azından, mənəvi məsuliyyət daşıyır. Normal siyasi sistemi olan ölkələrdə belə hadisə baş versəydi, nəzarət funksiyaları əlində olan məsul şəxs siyasi məsuliyyətinə görə ən azı istefa verməli idi. Burada hüquqi məsuliyyət haqqında danışa bilmərəm. Çünki bu, daha çox hüquq-mühafizə və məhkəmə orqanlarının işidir. Amma siyasi qiymət versək, bəli, həmin şəxslər məsuliyyət daşımalıdırlar. Belə demək mümkündürsə, onların ən yüngül cəzası istefa olmalı idi. Təəssüf ki, bizdə belə bir təcrübə və siyasi mədəniyyət formalaşmayıb.


SON XƏBƏRLƏR