Tofiq Yaqublu: "Saxlanılan müxalifətçilər buraxılıb, ancaq..."

29-05-2019 [12:21]
Milli Şuranın Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 101-ci ildönümü ilə bağlı mayın 28-də Cümhuriyyət banisi Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndindəki abidəsi önündə keçirdiyi tədbir zamanı saxlanılan 8 nəfərin hamısı sərbəst buraxılıb. 

Bu barədə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu bildirib.

Onun sözlərinə görə, saxlanılanların hamısı Abşeron Rayon Polis İdarəsinə aparılıb və bir neçə saat saxlandıqdan sonra buraxılıblar. 

"Amma "sərbəst buraxılıb" deyiləndə elə başa düşmək lazım deyil ki, məsələ bununla da bitib. Bu saxlanmaları polis idarəsində protokollaşdırırdılar, bu gün, sabah məhkəmələrə çağırışlar da ola bilər", - o deyib

T.Yaqublu bildirib ki, polis idarəsində ondan izahat yazması tələb olunsa da bundan imtina edib. "Amma inzibati xətalar müstəvisində hansısa hüquqpozmalar, polisin qanuni əmrinə tabe olmamaq, polisə müqavimət kimi əsası olmayan təqsirləndirmələrə əl ata bilərlər", - o qeyd edib.

Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Gülağa Aslanlı da bildirib ki, mayın 28-də Novxanıda keçirilən tədbir zamanı saxlanılan partiya Cəlilabad rayon təşkilatının 4 üzvü sərbəst buraxılıb.

G.Aslanlı bildirib ki, saxlanılanlara hər hansı inzibati cəza tətbiq olunmayıb.

Bu saxlanmaların səbəblərinə gəlincə, T.Yaqublu bunu hakimiyyətin narahatlığının nəticəsi kimi dəyərləndirib: "2018-ci il 17 noyabr Milli Dirçəliş günü, 2019-cu ildə 20 yanvar, 26 fevral Xocalı şəhidlərini ziyarət zamanı hakimiyyət müxalif qüvvələri bu tədbirlərdən kənarda saxlamaqla fəaliyyətini məhdudlaşdırmaq yolu tutub. Bundan əlavə, bu il yanvarın 19-u istisna olmaqla bütün mitinq müraciətlərinə "yox" cavabının verilməsi də bu narahatlığın göstəriclərindən biridir".

T.Yaqublu iddia edir ki, bu narahatlıq özünü hətta polis idarəsində də göstərirdi: "Bu isə səbəbsiz deyil. Bir zamanlar ancaq siyasi müxalif qüvvələri fəal idi, cəmiyyət isə o qədər də fəal deyildi. Bu il 19 yanvar mitinqi göstərdi ki, artıq fəallıq ağırlığı cəmiyyətin içinə keçir və proses artıq hakimiyyəti ciddi şəkildə narahat etməyə başlayıb".

28 may Azərbaycanda Respublika Günü kimi qeyd edilir. Ölkənin müxalif qüvvələri bu günü qeyd etmək üçün Bakının Novxanı kəndində Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə tədbir keçirirlər.

Xatırladaq ki, 1918-ci il mayın 28-də Azərbaycan öz müstəqilliyini elan edib. Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. AXC milli dövlət quruculuğuna, başlayıb. Amma bu dövlət 23 aylıq fəaliyyətdən sonra 1920-ci il aprelin 27-də bolşeviklərin işğalı ilə süquta uğrayıb. 1991-ci ildə Azərbaycan yenidən istiqlalını qazanıb və özünü 1918-20-ci illərdə mövcud olmuş AXC-nin varisi elan edib.

Turan


SON XƏBƏRLƏR