İCRA BAŞÇISI İLƏ BAĞLI RÜŞVƏT QALMAQALI: Birlik sədri od püskürdü - VİDEO

03-06-2019 [17:32]
Qaradağın icra başçısı Süleyman Mikayılov Qarabağ qazisi Bəhruz Talıbovun ailəsinin əmlakını 10 min manat rüşvətə görə sökürüb. 

Sonradan İcra Hakimiyyətinin məsul işçiləri 8, daha sonra isə 5 minə söküntünün bərpasını təklif ediblər.

Mia.az xəbər verir ki, bu ağır ittihamı Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin sədri Məlahət Abasova dilə gətirib.

Birlik sədri videogörüntü ilə açıqlama verərək, deyib ki, icra başçısı və ətrafının özbaşınalığından dəfələrlə yuxarı orqanlara şikayət yazıblar. Lakin nəticəsi olmayıb: "Hətta bir dəfə Süleyman Mikayılovun qəbulunda olub, qazi ailəsindən rüşvət tələb olunduğunu dedik, lakin heç elə bil belə söz deyilmədi. Heç nə olmamış kimi özlərini apardılar. Mənə çatmır ki, Zərifə Talıbovanın yan-yörəsində hamı eyni sərəncamla mağaza işlətdiyi halda, niyə sonradan qazi ailəsinə belə qəddar münasibət göstərildi?".

O bildirib ki, mərhum Qarabağ qazisi Bəhruz Talıbovun həyat yoldaşı Zərifə Talıbovanın mağazasının bərpası ilə bağlı məhkəməyə də müraciət edilib, maddi və mənəvi təzminat tələb olunub.

Sonda isə o, 24 kv.metrlik obyektlə bağlı icra başçısı və məmurlara sərt mesaj verib: "Allah gözünüzü doydursun. Orada yüzlərlə mağaza var, olmaz ki, birindən də pul almadan işləməsinə imkan verəsiniz? 

Süleyman Mikayılov, sənin oğlun burada bahalı maşın sürüb, kef çəkmək üçün bu cür insanların  ərləri döyüşüb?".

Qeyd edək ki, bu iddialarla bağlı mayın 26-da İcra Hakimiyyətinin rəsmi elektron poçtuna sorğu göndərsək də, bu gündək cavablandırılmayıb.

Bununla belə məsələ ilə bağlı İH-nin də mövqeyni dərc etməyə hazırıq.   

Mia.az




SON XƏBƏRLƏR