Sədaqətsizlik, qorxaqlıq, yoxsa... - YAP-çı deputatlar debatlardan niyə qaçır?

img

24-05-2019 [14:28]


Yeni Azərbaycan Partiyasının (YAP) qurucu üzv və funksionerlərindən biri, SOCAR Həmkarlar İttifaqının sədr müavini və İqtisad Universitetinin müəllimi Sadiq Qurbanov hakim partiyanın bəzi deputatlarının müxalifət təmsilçilərilə debatdan boyun qaçırmasına sərt reaksiya verib.

"AzPolitika.info”-nun məlumatına görə, S.Qurbanov mövzuya dair feysbuk statusunda həmin deputatların cəsarət və sədaqəti məsələsini qoyub.

Xatırladaq ki, musavat.com saytının "Canlı debat” verilişinin aparıcısı Sevinc Telmaqızı 30-adək YAP-çı deputatın müxalifət nümayəndələri ilə debata çıxmaqdan imtina etdiyini açıqlayıb. Jurnalist feysbuk statusunda yazır: "Müəllifi və aparıcısı olduğum "Canlı debat” verilişinə dəvət etmək üçün əlimdə YAP-çı deputatlardan ibarət 30 nəfərlik siyahı var, içində də telefon nömrələri. Demək, insanları aldatmağa, yola verməyə, istismar etməyə öyrəşmiş bu zatların bir qismi jurnalistlə də o formada davrana biləcəyini zənn edir. Özlərini elə təqdim edirlər ki, sanki hamısının "vaxtı yoxdu”, "silsilə görüşlərdədilər”, rayondadır, bir sözlə, atom parçalayıb, dünyanı xilas edirlər. "Bu gün get, sabah gəl” yox ha, "bir-iki həftəyə zəng edərsiz” kimi sayğısız yola vermələr nümayiş etdirirlər.

Ən klassik gedişləri: ilk zəngdən sonra redaksiyanın və bəndənizin telefon nömrəsini bloka atırlar. Ən yaxşı halda məşğula, ya da iqnora qoyurlar. Cavab verəndə isə səslərinin ən aşağılayıcı tonu dövrəyə girir”.

S.Telmanqızı daha sonar YAP rəhbərliyinə müraciətlə yazır: "Burdan YAP rəhbərliyinə, hökumətin piar mütəxəssislərinə səslənirəm: YAP-ın hesabına deputat olub, böyük-böyük imkanlar qazanan, dünyanın parasını, nüfuzunu, imtiyazını və s. əldə edən şəxslər hökuməti, onun mövqeyini bir qəzet tribunasından belə müdafiə etmir, edə bilmir və ya etmək istəmir. Əksər deputatlarınız sizə sadiq deyil, cənab iqtidar partiyası yetkililəri. Müxalifət nümayəndələrindən çəkinəcək qədər hazırlıqsız, videonun altında yazılacaq tənqidi rəylərdən qorxacaq qədər özlərinə inamsızdılar”.

S.Qurbanov "Cəsarət və sədaqət məsələsi” adlı statusunda Sevinc Telmanqızının yazdıqlarına belə münasibət bildirir: "Dəyərli dostlar və siyasi həmfikirlərim! Dünən sosial şəbəkədə "Yeni Müsavat” qəzetinin redaksiyasında "Canlı debat” verilişinin aparıcısı Sevinc Telmanqızının YAP-çı deputatların müxalifətlə debatlardan yayındığına dair statusunu oxudum və çox məyus oldum.

Xanım qeyd edir ki, 30-dan çox YAP-çı Milli Məclis üzvünü iqtidar siyasətini, hökumətin fəaliyyətini, mövqeyini müdafiə etmək üçün studiyaya dəvət etsə də, onlar müxtəlif bəhanələrlə, bəzən hətta onun nömrəsini bloka atmaqla bu dəvətdən boyun qaçırıblar. Məhz YAP-ın dəstəyi hesabına mandat almış bu şəxslər hökuməti, onun mövqeyini bir qəzet tribunasında belə müdafiə etmir, edə bilmir və ya etmək istəmirlər. Belədə, sual yaranır: NƏ ÜÇÜN?

Nəyə görə bizim bəzi deputatlarımız heç bir sosial dayağı olmayan, yalnız mətbuat vasitəsi ilə mövcudluğunu sürdürən, illərdir uğursuzluq ardınca uğursuzluq yaşayan müxalifətçilərlə debatdan yayınırlar və bununla da istər-istəməz ictimai rəydə belə bir fikrin formalaşmasına rəvac verirlər ki, guya iqtidarı müdafiə etmək çətindir? Həqiqətənmi bəzi iqtidar deputatlarının ehtiyatında iqtidarı müdafiə etmək üçün arqumentləri yoxdur?

Düşünürəm ki, guya debatlarda iqtidarı müdafiə etməyin çətin olduğu haqda yaradılmağa çalışılan fikrin zərrə qədər də əsası yoxdur. Azərbaycan Prezidentinin və Birinci Xanımın Azərbaycan naminə həyata keçirdikləri misilsiz fəaliyyəti təqdir edən, onların siyasətini müdafiə edən və bunun ifadəsi olaraq YAP üzvlüyünü seçən, onun xəttilə, onun dəstəyilə parlamentə düşən, müəyyən imtiyazlar qazanan insanların ARQUMENT sarıdan heç bir problemi ola bilməz, olmamalıdır!

Bir problem varsa, bu da partiyamızı təmsil edən və bu gün müxalifətlə debatdan yayınan bəzi deputatların şəxsi hazırlığı, cəsarəti və sədaqəti məsələsidir…”.

Əlavə etmək yerinə düşər ki, parlamentin əksər üzvlərinin siyasi hazırlığı yox dərəcəsindədir. Onların bir çoxu, xüsusən də sonuncu çağırışda Milli Məclisə düşənlərin əksəriyyəti bu 4 il müddətində bircə dəfə də olsun plenar iclaslarda çıxış etməyib, mətbuatla canlı ünsiyyətdə olmayıblar. Bu baxımdan, onların müxalifətlə debatlardan yayınmaları başadüşüləndir – bu, biabırçılıqdan qaçmağın ən optimal yoludur.

Bəzi məlumatlara görə, bu vəziyyət siyasi hakimiyyəti də ciddi narahat edir, bu səbəbdən gələn ilki seçkidən sonra parlamentin tərkibinin ciddi dəyişikliyə məruz qalacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR