Pərviz Şahbazov Londonda enerji forumunda - Nələr müzakirə edilib?

img

22-05-2019 [20:12]


Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası çərçivəsində enerji forumu keçirilib.

Azərbaycan Energetika Nazirliyindən Mia.az-a verilən məlumata görə, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson və Energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə keçirilən forumun əsas müzakirə mövzuları neft-qaz sektorunun inkişafı, həyata keçirilən layihələr, Azərbaycanın Böyük Britaniya ilə enerji sahəsində yeni əməkdaşlıq imkanları, eləcə də Azərbaycanda bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində görülən tədbirlərdən ibarət olub.

Forumda çıxış edən Pərviz Şahbazov ulu öndərin müəllifi olduğu "Əsrin müqaviləsi”nin reallaşmasında iki ölkə arasında enerji əməkdaşlığının, birgə həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb. O deyib ki, Birləşmiş Krallıqla enerji sahəsində tərəfdaşlıq münasibətləri Azərbaycanın neft-qaz sektoruna yatırılmış 25 mlrd. ABŞ dollarından çox investisiyanın sektorun inkişafına töhfələri ilə məhdudlaşmır: "Azərbaycanın beynəlxalq bazarlarda etibarlı neft və qaz təchizatçısı, bir çox ölkələr üçün enerji təhlükəsizliyinin təminatçısı kimi tanınmasında və diversifikasiya maraqlarını təmin etməsində məhz enerji sahəsində uğurlu əməkdaşlığın mühüm rolu vardır”.

Nazir Azərbaycanın enerji strategiyasının həyata keçirilməsində BP şirkətinin rolunu yüksək qiymətləndirib. "Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş məqsədyönlü enerji siyasəti və BP-nin iştirakı ilə qarşılıqlı etimad, qarşılıqlı faydalı əməkdaşlıq əsasında dünyanın enerji xəritəsini yenidən tərtib edirik. Yeni layihələr bu əməkdaşlığın, ən azı əsrin ortalarına qədər davam etdirilməsini təmin edəcəkdir”,- deyə Pərviz Şahbazov əlavə edib.

Bildirilib ki, hazırda iki ölkənin enerji əməkdaşlığı gündəliyində Cənub Qaz Dəhlizi, "Azəri-Çıraq-Günəşli” yataqlarının yeni mərhələdə işlənməsi, "D 230” perspektiv bloku, "Dayazsulu Abşeron” və "Şəfəq-Asiman” kimi layihələrlə yanaşı, bərpa olunan enerji sahəsində birgə fəaliyyət də əsas prioritetlərdəndir. Böyük Britaniyanın bu sahədə təcrübəsinin külək, günəş və kiçik çaylar da daxil olmaqla bərpa oluna bilən enerji mənbələri sektorunun inkişafına töhfə verəcəyi qeyd olunub.

Forumda Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov Azərbaycanda enerji islahatlarına dair, SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə neft-qaz sektoru ilə bağlı, BP və "SNC Lavalin-Atkins” şirkətlərinin nümayəndələri bərpa olunan enerji sahəsinin inkişafı üzrə təqdimatlarla çıxış ediblər. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR