Bu şəxslər qatardan pulsuz istifadə edəcək, bəzi xətt üzrə isə gediş ləğv olunacaq - Finalla bağlı

22-05-2019 [18:57]
Mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar olaraq, tədbirin keçirildiyi müddətdə dəmir yolu nəqliyyatı üzrə hərəkətin təşkilini tənzimləmək məqsədilə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin müvafiq əmri ilə tədbirlər planı hazırlanıb.

Mia.az quruma istinadən QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirlər planına əsasən, mayın 29-da Bakı şəhərində UEFA Avropa Liqasının final oyununun keçirilməsi ilə əlaqədar, oyun üçün akkreditasiyadan keçmiş şəxslərin mayın 25-28-də gün ərzində, bilet (dəvətnamə) sahibi olan şəxslərin, habelə oyun üçün akkreditasiyadan keçmiş şəxslərin və digər aidiyyəti qonaqların mayın 29-da final oyunu başlamazdan əvvəl saat 18:00-dan 23:00-dək, mayın 30-da isə oyun bitəndən sonra saat 01:00-dan 04:00-dək "Stadler Kiss" markalı elektrik qatarları ilə Bakı sərnişin stansiyası və "Koroğlu" dayanacağı, eyni zamanda, Bakı-Sumqayıt arasında ödənişsiz daşınması təmin ediləcək.

Həmçinin oyunu izləmək üçün futbol həvəskarlarının və digər aidiyyəti qonaqların Gürcüstandan Bakıya və geriyə daşınmasını həyata keçirmək üçün mayın 28-i saat 22:35-də Tbilisidən Bakıya və mayın 30-u saat 08:00-da Bakıdan Tbilisiyə əlavə sərnişin qatarı təyin ediləcək.

Qeyd edilən əlavə qatarların təyin olunması ilə əlaqədar Bakıdan mayın 27-də, geriyə Qazaxdan mayın 28-də hər iki istiqamətdə 98/97 saylı Bakı-Qazax-Bakı qatarı bir reysə ləğv edilir. Bakıdan mayın 29-da bir istiqamətdə 98 nömrəli Bakı-Qazax qatarının hərəkəti bir istiqamətdə ləğv olunur.

Eyni zamanda, Bakıdan mayın 30-da, geriyə Astaradan mayın 31-də bir reysə 660/659 nömrəli Bakı-Astara-Bakı qatarı ləğv edilir.


SON XƏBƏRLƏR