Fuad Abbasovla bağlı Rusiya İstintaq Komitəsinə müraciət olunub

img

21-05-2019 [15:21]


Rusiyada jurnalist və blogger kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşı Fuad Abbasovun saxlanılarkən döyülməsi faktı ilə bağlı Rusiya İstintaq Komitəsinə müraciət olunub.

Bu barədə ONA-nın Moskva müxbirinə Fuad Abbasovun vəkili Elman Paşayev bildirib.

Onun sözlərinə görə, Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə İstintaq İdarəsinə müraciət edib: "Fuad Abbasov saxlanılarkən vəhşicəsinə döyülüb. Bu qanunsuz haldır. Harada görünüb ki, inzibati məsuliyyətə görə saxlanılan adamla belə rəftar etsinlər, qoluna qandal vursunlar. Ona görə bu məsələ ilə bağlı Rusiya İstintaq Komitəsinə müraciət olunub. İstintaq Komitəsinə müraciətdə tələb etmişik ki, Fuad Abbasovla bu cür rəftar edən hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən olunsun, barələrində cinayət işi başlansın".

Qeyd edək ki, mayın 16-da Fuad Abbasov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun qollarına qandal vurularaq öncə polis bölməsinə, sonra isə Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə aparılıb. Mayın 17-də Moskva Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyaya girişinə qadağa qoyulması ilə bağlı Rusiya Federal Təhlükəsizlik Xidmətinin qərarını qüvvədə saxlayıb.

Dünən vəkil Elman Paşayev onunla görüşüb. Vəkil Fuad Abbasovun Rusiyadan deportasiya olunması ilə bağlı qərarın mayın 26-da qüvvəyə minəcəyini, mayın 28-də isə onun Azərbaycana deportasiya edilə biləcəyini söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR