Bakıda "Favorit" ticarət mərkəzində yanğın: xəsarət alanların sayı artıb - VİDEO

18-05-2019 [23:36]
Bakının Xəzər rayonunun Zagulba qəsəbəsindəki "Favorit" ticarət mərkəzinin yerləşdiyi binanın zirzəmisində, tekstil şöbəsində baş vermiş yanğın zamanı xəsarət alanların sayı artıb. 

Mia.az "Report"a istinadən xəbər verir ki, hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları da (iki nəfər- red) xəsarət alıb.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb. 

Qeyd edək ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Binada olan insanlar təxliyə edilib. 

Hadisə yerinə 7 təcili yardım briqadası cəlb edilib. Yanğın zamanı xəsarət alanlardan 4-ü xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 3-ü qadın, 1-i kişidir. 

Xəsarət alan qadınlardan biri qıcolma əlaməti ilə 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. 

Yanğın zamanı zərər çəkmiş bir neçə nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

Yanğın bir neçə saatlıq mübarizədən sonra söndürülüb.




SON XƏBƏRLƏR