Vitse-spiker qəzəbləndi: "Hansı hücumlar olacaqsa, adekvat cavablarını alacaqlar"

17-05-2019 [13:03]
"Azərbaycana qarşı kampaniya birinci dəfə deyil ki, aparılır. 2012-ci ildə Avroviziya Mahnı yarışması keçiriləndə, 2015-cil də Avropa Oyunları keçiriləndə bu cür qarayaxma kampaniyalar aparılıb. İndi də Avroliqanın finalı ərəfəsində belə addımlar atılır. Məqsəd Azərbaycanın apardığı xarici siyasətə kölgə salmaqdır”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, Azərbaycanın inkişafını gözügötürməyən qüvvələr çoxdur: "Onlar hər vəchlə çalışırlar ki, hər hansı yarışma zamanı qara yaxsınlar. Sözsüz ki, bunun cavabı verilməlidir. Azərbaycan öz inkişafı ilə onlara cavab verir. Bundan sonra da belə olacaq. Bu cür qarayaxma kampaniyaları bundan sonra da olacaq. Kimin orada nə deməyindən asılı olmayaraq, karvan öz işindədir. Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə qurulub. Biz Prezident İlham Əliyevin ətrafında sıx birləşmişik. Hansı hücumlar olacaqsa, adekvat cavablarını alacaqlar. Burada narahatlığa əsas yoxdur”.

"Böyük Britaniya Xarici İşlər Nazirliyi bir söz deyir, Azərbaycandakı səfirlik isə başqa söz... Bu necə ola bilər? Belə olan halda nə deyəsən... Bütün bunların səbəblərindən biri də odur ki, beynəlxalq hüquq işləmir, işləsəydi, hamı yerində oturdurlsaydı, bu biabırçılıqlar baş verməzdi. Azərbaycanın ərazi bötüvlüyü ilə bağlı 4 qətnamə qəbul olunub. Amma icra olunmur. Buna baxmayaraq istədikləri məsələni bir saatın içində həll edirlər, mürəkkəbi qurumamış məsələ həll edilir. Bunların açıq şəkildə deyə bilmirlər ki, Azərbaycan, sənin inkişafını istəmirik, müsəlmansan, inkişaf edə bilməzsən. Hər bir kəs çəkici bir yerə vurmalıdır” - deyə Z.Əsgərov qeyd edib/Report.


SON XƏBƏRLƏR