SABİQ NAZİR YENİ ŞİRKƏT YARADIB: Azərbaycana traktor gətirir - FOTO

img

17-05-2019 [09:03]


Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov yenidən ortalığa çıxıb. 

Bu dəfə yeni şirkətin rəhbəri kimi.

Mayın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi - "WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - "Caspian Agro” sərgiləri ilə tanış olub. 

Mia.az Modern.az-a istinadən xəbər verir ki, sərgidə məşhur "Massey Ferguson" şirkətinə məxsus texnikanı Prezidentə məhz Füzuli Ələkbərov təqdim edib. 

Məlum olub ki, eks-nazir "Massey Ferguson" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəridir.

Xatırladaq ki, F.Ələkbərov 1992-2006-cı illərdə «İmproteks» Şirkətlər Qrupunun prezidenti olub.

Ölkə Prezidentinin 7 fevral 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. 22 oktyabr 2013-cü ildə nazir vəzifəsindən azad edilib.
Nazir işlədiyi müddətdə F.Ələkbərov həm də Cüdo Federasiyasının prezidenti postunu tutub.

Qeyd edək ki, Füzuli Ələkbərov oğlu Vüqar Ələkbərovun yol verdiyi nöqsana görə vəzifəsində azad olunmuşdu.

Belə ki, 2013-cü il yanvarın 23-də İsmayıllı rayonunda (həmin vaxtı İsmayıllının icra başçısı olan Nizami Ələkbərov Füzuli Ələkbərovun qardaşı idi-red.) Vüqar Ələkbərov "Hummer” markalı maşınla yerli sakinin maşınını vuraraq qəza törədib, daha sonra isə qəzaya düşərək yaralanmış sakini öz dostları ilə birlikdə döyməyə başlayıb.

Rayon sakinləri buna mane olmağa çalışsa da, V.Ələkbərov və dostları İsmayıllı əhalisini söyərək təhqir ediblər. Bundan qəzəblənən sakinlər həmin şəxsləri döyüb və Vüqar Ələkbərova məxsus olan "Çıraq” hotelini və "Hummer” markalı maşını yandırıblar. 

Bu hadisə ölkədə ciddi rezonans doğurmuş, nəticədə nazirin özü və həmin rayonun icra başçısı olan qardaşı tutduğu vəzifədən azad olunmuşdu.



Digər xəbərlər
SON XƏBƏRLƏR