General və deputatın qohumu polisə silahlı hücum etdi - Bakıda sensasion hadisə + Təfərrüat

15-05-2019 [15:57]
Bakıda kütləvi dava edən gənclər polisə bıçaqla müqavimət göstərib.

Mia.az "Report”a istinadla xəbər verir ki, hadisə mayın 13-də axşam saatlarında Nərimanov rayonu, Aşıq Molla küçəsində qeydə alınıb.

Məlumata görə, Bakı sakinləri Əzizov İsa Nadir oğlu və Binnətəliyev Samir Teyyub oğlu onlarla birlikdə olan digər şəxslərlə bir-birilərinə xəsarət yetiriblər. 

Hadisə zamanı onlardan biri əlindəki "Vinçester” markalı silahdan atəş açıb.

İ.Əzizov, S.Binnətəliyev, həmçinin Rəcəb Həmidov, Telman Balayev və Valid Məmmədli tutulub. Daha bir neçə nəfərin axtarıldığı bildirilir.

İ.Əzizov tutularkən polis əməkdaşlarına bıçaqla müqavimət göstərib.

Hadisə zamanı kütləvi davanın iştirakçılarından "Vinçester” markalı tüfəng, iki ədəd beşbarmaq, bıçaq və tapança darağı götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221 (Xuliqanlıq), 228 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrlə cinayət işi açılıb.

Qeyd edək ki, hadisənin iştirakçılarından olan İ.Əzizov Ədliyyə nazirinin müavini general-leytenant Məhərrəm Əliyevin və deputat Adil Əliyevin qohumudur.

***

Millət vəkili Adil Əliyev onun və Məhərrəm Əliyevin bacısı nəvəsi kimi təqdim olunan İsa Əzizovla bağlı açıqlama verib. 

Deputat qeyd edib ki, hələ bir neçə il bundan əvvəl İsa Əzizovun hərəkətlərinə münasibət bildirib:

"Yanacaqdoldurma məntəqəsində hadisə baş verəndə biz bildirdik ki, sözügedən şəxs bacımızın nəvəsi deyil, dayımızın nəvəsidir. Və onun hərəkətlərinə görə biz cavabdeh deyilik. Bu qədər uzaq qohumu Məhərrəm Əliyevin az qala ailə üzvü kimi təqdim etmək və onun adına bağlayaraq xəbəri tirajlamaq doğru deyil.

 Əgər onun hərəkətlərinə himayədarlığı Məhərrəm Əliyev və mən etsəydim, bu, yerinə düşərdi. Bu hadisəyə görə 4-5 nəfər həbs olunub, onların içərisində yalnız İsa Əzizovun adı xəbərə çevrilibsə, bu, Məhərrəm Əliyevə çamur atmaq niyyətindən xəbər verir. 

Məhərrəm Əliyev və mən cinayətkarlığa qarşı daim mübarizə aparan adam olmuşuq. Onun hərəkətlərini də hər zaman pisləmişik, xahişini heç kəsdən etməmişik və bu hadisəyə görə də İsa da digərləri kimi qanun qarşısında cavab verəcək”.

Qafqazinfo.az



SON XƏBƏRLƏR