Mətbuat Şurası jurnalistin müdafiəsinə qalxdı - GDU müəllimi və direktorun təhqirləri ilə bağlı

img

14-05-2019 [22:03]


Azərbaycan Mətbuat Şurası AFN.az-ın təhqir olunan əməkdaşı Həbibə Abdullanın müdafiəsinə qalxıb.

Mia.az xəbər verir ki, bu barədə Mətbuat Şurası aşağıdakı açıqlamanı yayıb:

"Söz və ifadə azadlığının təmin oluduğu, informasiya əldə edilməsi sahəsində təkmil qanunverilicik bazasının yarandığı Azərbaycanda bu ali dəyərlərə uyğun məsuliyyət kateqoriyaları və mexanizmləri müəyyənləşib. Mövcud durumda hər kəsin, xüsusən məmurların, tutduğu mövqe və status ictimai əhəmiyyət daşıyan, cəmiyyətin diqqət mərkəzində olan vəzifəli şəxslərin üzərinə düşən konkret öhdəliklər var. Dövlətə, Vətənə sədaqət, dürüstlük və vicdanlılıq meyarları həmin öhdəliklərə yanaşma tərzinə əsasən ölçülür.

Cəmiyyətin informasiya ilə təminatında iki qütb iştirak edir ki, bunlardan biri jurnalistlərdirsə, digəri informasiya daşıyıcıları olan hüquqi və fiziki şəxslərdir. Bu iki qütbün bir-birilə münasibətlərinin düzgün qurulması, qarşılıqlı əməkdaşlığa əsaslanması yalnız etik dəyərlər baxımından prioritet göstərici deyil, eyni zamanda qanunlarımızın tələbidir. Buna görə onların hər ikisinin fəaliyyətlərinə həssas yanaşmaları, daşıdıqları missiyanın məsuliyyətini dərindən dərk etmələri mütləq şərtdir. Təəssüf ki, cəmiyyətimizdə bunu nəzərə almayanlar da var. "Azerbaijan Favorite News” (www.afn.az) saytının əməkdaşı Həbibə Abdulla ilə bağlı yaşanmış olay bunu deməyə əsas verir.

H.Abdulla Azərbaycan Mətbuat Şurasına ünvanladığı açıq məktubunda Gəncə Dövlət Universitetinin Etika komissiyasının və Tədrisə nəzarət komissiyasının sədri Əliqulu Quliyev, həmçinin Bakı şəhərindəki 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev tərəfindən təhqir olunduğunu, hədə-qorxulara məruz qaldığını bildirib. Onun məsələ ilə bağlı izahatlarından gəlinən qənaət bundan ibarətdir ki, jurnalist peşə öhdəliklərinə uyğun işin icrasına məsuliyyətlə yanaşdığı halda, nalayiq münasibətlə üzləşib". 

Açıqlamada daha sonra bildirilib ki, Mətbuat Şurası jurnalistlərin səlahiyyətlərindən irəli gələn fəaliyyəti yerinə yetirmələri zamanı hər hansı xoşagəlməz rəftarla, qanunsuzluqla üzləşmələri faktlarını qətiyyətlə pisləyir: "Şuranın H.Abdulla ilə bağlı duruma yanaşması da eyni mövqedən qaynaqlanır. Heç bir halda cəmiyyətdə elə təəssürat yaranmamalıdır ki, hansısa media orqanının əməkdaşı peşə vəzifəsini icra edərkən təhqirə və hədə-qorxuya məruz qala bilər. Buna dair şübhənin olması belə demokratik cəmiyyət quruculuğu prinsiplərinə zidd təmayüldür. Tutduğu statusdan asılı olmayaraq, hər bir vəzifə sahibinin məsələni məhz bu kontekstdə dəyərləndirməsi mütləqdir.

Azərbaycan Mətbuat Şurası müvafiq dövlət qurumlarını jurnalist Həbibə Abdulla ilə bağlı məsələni diqqətdə saxlamağa, insidenti dərindən araşdırmağa çağırır. Şura əmindir ki, günahkarların qanunlarımız çərçivəsində məsuliyyət daşımalarının təmin olunmasına həssas yanaşılacaq, bu istiqamətdə zəruri ölçü götürüləcəkdir".

Digər xəbərlər
SON XƏBƏRLƏR