Cahangir Hacıyevin məhkəməsində tanınmış iş adamı ifadə verib

img

13-05-2019 [18:07]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Emin Sadiq ifadə verib.

O bildirib ki, 1997-2007-ci illərdə BP şirkətində çalışıb: "Əsas işimiz neft və neft məhsullarının satışı ilə bağlı idi. Azərbaycanda və Qazaxıstanda nümayəndəliyimiz var idi. İrana hazır məhsul aparırdıq".

E.Sadiq qeyd edib ki, BP şirkətindən ayrılandan sonra özəl şirkətdə rəhbər vəzifəsində çalışıb: "Maliyyə problemləri olan zaman yaxın dostum Beynəlxalq Bankın Moskva filialının rəhbəri Fuad Abdullayevlə tanış etdi. Sonra bankla birgə çalışdıq, kredit ayrıldı. 2011-ci ilin sonlarında bizə Qazaxıstandakı dostlarımız neftin ixracı ilə bağlı təklif gəldi. Təklif yaxşı idi. Biz də Beynəlxalq Bankla danışıqlara başladıq. Təklif gəldi ki, şirkətin səhiminin 60 faizi bankı olacaq. Səhimlər banka yaxın adam olan Həsən Hətəmovun adına rəsmləşdi. Şirkətin 12.5 faizi Qazaxıstan vətəndaşı, mənim qaynatamın adına, 15 faizi mənim adıma, digər faiz isə digər Qazaxıstan vətəndaşının adına idi. Bu layihəyə görə 27 milyon 500 dollar bankdan pul ayırılıb, Qazaxıstan dövlətinin xəzinəsinə köçürüldü. Ümumilikdə neft layihəsi üçün bankdan şirkə 62 milyon dollar pul ayrılıb. Həmin pulla Qazaxıstanda ərazi alıb, neft yatağı eləmişik. Bir neçə neft quyusu qazdıq. 2014-cü ildə Fuad Abdullayev görüş zamanı bildirdi ki, bankda problem yaranıb. Bizi maliyyələşdirə bilməyəcəklərini söylədi. Sonra biz dünya bazarında maliyyə axtarmağa başladıq. Bizə məlum oldu ki, şirkətimiz dünya bazarında 4 fiziki şəxs olan səhmdarla maliyyə tapa bilməyəcəyik. Sonra biz həmin səhimdarlar başqa adla şirkət qurduq, rəsmiləşməyə bir il vaxt getdi. Bank artıq bizim şirkəti maliyyələşdirə bilmədi. Lakin bizə bank veksellərlə 2 milyon dollar pul verdi. Bir qədər keçəndə Beynəlxalq Bankda problem yarandı, Xəzər dənizinin ləpələri neft yatağımızı su altında qoydu. Mən bir neçə şirkətlə danışığa başladım, istəmirdim ki, şirkəti itirəm. Sonra Moskava şəhərinə gedən zaman orada həbs olunmuşam, Bakıya göndərilmişəm".

Məhkəmədə elan olunub ki, bu iş üzrə E.Sadiq barəsində cinayət işi başlanılıb, ayrıca icraata ayrılıb.

Məhkəmənin növbəti iclası mayın 20-nə təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR