Polis bir neçə rayonda narkotikə qarşı əməliyyat keçirib - Həbs olunanlar var

11-05-2019 [12:29]
Polis əməkdaşlarının mayın 10-da keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının Bakıxanov qəsəbəsində yaşayan əvvəllər oğurluq, soyğunçuluq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş R.Mürsəlovun yaşadığı evdə keçirdikləri əməliyyat tədbiri nəticəsində oradan 3 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

R.Mürsəlovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 8-də Bakı şəhər sakini M.Abdullayevanın içərisində 120 manat və sənədləri olan pulqabısını soyğunçuluq yolu ilə alması da müəyyən edilib.

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə Astara şəhər sakini, əvvəllər narkotkiklərlə bağlı cinayətə görə məhkum olunmuş M.Əliyev saxlanılmışdır. Ondan çəkisi 6,2 kiloqram tiryək götürülüb.

Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə ilə tutulmuş rayon sakini X.Qarayevə narkotiki satmaqda şübhəli bilinən Beyləqan rayon sakini E.Məmmədov saxlanılmış, ondan 1,3 kiloqrama yaxın marixuana götürülüb.

Sabirabad Rayon Polis Şöbəsi Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Qaratəpə kənd sakini M.Qasımovun həyətyanı sahəsində keçirdikləri əməliyyat tədbiri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.


SON XƏBƏRLƏR