FHN-nin səlahiyyəti genişləndirildi - Hökumətdən yeni qərar

11-05-2019 [11:22]
Nazirlər Kabineti "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları  üzrə gömrük rüsumlarının dərəcələri haqqında" qərarda dəyişiklik edib.

Mia.az xəbər verir ki, qüvvədə olan qərara əsasən, fövqəladə halların qarşısının alınması və bu halların nəticələrinin aradan qaldırılması məqsədilə maddi-texniki təchizat sisteminin  yaradılması, seysmik-müşahidə məntəqələrinin və qəza-xilasetmə dəstələrinin yerləşdiriləcəyi bazaların təşkili və onların fəaliyyəti üçün Fövqəladə Hallar Üzrə Dövlət Komissiyasının təsdiqedici sənədi əsasında idxal olunan xüsusi texniki vasitələr, avadanlıqlar, cihazlar, alətlər, komplektləşdirici məmulatlar, ehtiyat hissələri, ləvazimatlar və materiallar gömrük idxal rüsumuna cəlb olunmamalıdır.

Dəyişikliyə əsasən Fövqəladə Hallar Üzrə Dövlət Komissiyasının bu sahədə səlahiyyəti Fövqəladə Hallar Nazirliyinə həvalə edilib.

Qeyd edək ki, "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları  üzrə gömrük rüsumlarının dərəcələri haqqında" qərara dəyişiklik "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli fərmanının icrasını təmin etmək məqsədi daşıyır. Həmin fərmana əsasən, "Azərbaycan Respublikasının Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 13 dekabr tarixli sərəncamı qüvvədən düşmüş hesab edilib. Başqa sözlə, Fövqəladə Hallar üzrə Dövlət Komissiyası 2006-cı il 29 dekabrdan mövcud olmadığı üçün Komissiyanın "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları  üzrə gömrük rüsumlarının dərəcələri haqqında" qərarda nəzərdə tutulan səlahiyyəti FHN-ə həvalə olunub.


SON XƏBƏRLƏR