“Diplomatiya Aləmi” jurnalının xüsusi buraxılışı hazırlanıb

img

10-05-2019 [18:46]


1994-cü ilin mayın 4-də, yəni 25 il əvvəl ümummilli lider Heydər Əliyev Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) mənzil-qərərgahını ziyarət edərək Sülh naminə Tərəfdaşlıq (SNT) çərçivə sənədini imzalayıb. Bununla da Azərbaycan və Alyans arasında möhkəm və qarşılıqlı faydalı tərəfdaşlığın əsası qoyulub. Ölkəmizin NATO-nun SNT proqramına qoşulmasının 25 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən nəşr olunan "Diplomatiya Aləmi” jurnalının xüsusi buraxılışı hazırlanıb.

XİN-dən Mia.az-a verilən məlumata görə, xüsusi buraxılışda Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və NATO baş katibi Yens Stoltenberqin ön sözləri, eləcə də Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun, NATO baş katibinin müdafiə siyasəti və planlaması üzrə müavini Patrik Törnerin, əməliyyatlar üzrə müavini, doktor Con Manzanın, meydana gələn təhlükəsizlik təhdidləri üzrə müavini, doktor Antonio Missirolinin, ictimai diplomatiya üzrə müavini Tacan İldemin, Hərbi Komitənin sədri, baş aviasiya marşalı Stüart Piçin və Baş katibin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın müvafiq məqalələri yer alır.

Adıçəkilən müəlliflər məqalələrində ölkəmizin NATO ilə möhkəm və qarşılıqlı faydalı tərəfdaşlığından, SNT proqramının Avro-Atlantik məkanında təhlükəsizlik, sabitlik və tərəqqiyə verdiyi töhfələrdən, dövlətlərin siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi prinsiplərindən, Azərbaycanın Əfqanıstandakı NATO əməliyyatına verdiyi hərbi dəstəklə yanaşı, tranzit və maliyyə yardımlarını alqışlayaraq, ölkəmizin Alyansın etibarlı tərəfdaşı olmasından söz açır.

Bundan başqa, jurnalda Azərbaycan-NATO tərəfdaşlığını əhatə edən sahələr üzrə əldə olunmuş nailiyyətlər, o cümlədən Alyans ilə əməkdaşlığımızın siyasi və praktiki aspektləri haqqında geniş məlumatlar və NATO arxivlərindən alınmış unikal fotoşəkillər əks olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR