Bakıda 7 nəfərin xəsarət almasına səbəb olan sürücü tutuldu - İki qurum birgə məlumat yaydı

img

06-05-2019 [19:02]


Sabunçu rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Mia.az-a verilən birgə məlumata görə, mayın 5-də Sabunçu rayonu, Zabrat qəsəbəsində 1981-ci il təvəllüdlü Əliyev Samir Sabir oğlunun 217 nömrəli marşrut xətti üzrə idarə etdiyi "İsuzu” markalı, 01-BM-698 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə yol kənarında dayanmış "Ford Transit” markalı 90-CO-434 dövlət qeydiyyat nişanlı yük avtomobilinin toqquşması nəticəsində 7 nəfər şəxsin zərər çəkməsi və Samir Əliyevin hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb:

"Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilmişdir.

Aparılmış istintaqla hadisənin Samir Əliyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməklə yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilmişdir.

İstintaq-əməliyyat tədbirləri nəticəsində S.Əliyev mayın 6-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilmişdir".

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR