Şriftin ölçüsü / 156 dəfə oxunub

Mətbuat şurasının sədri tədbirdə: "Qatilin kimliyini müəyyənləşdirib, layiq olduğu cəzanı versinlər"

03 May 2019 [11:53]

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə "Mətbuat azadlığı bəşəri mahiyyət və Azərbaycan reallığı” mövzusunda konfrans keçirilib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, 1999-cu ildə Afrika jurnalistləri üçün konfrans düzənlənib və həmin konfransda Afrika jurnalistikasına beynəlxalq təşkilatların köməyi müzakirə olunub: "Artıq o zamandan 3 may tarixi hər il önəmli gün kimi qeyd olunur. Bir məsələni qeyd edim ki, media cəmiyyətdə baş verən xəbərləri çatdırmalıdır".

Şura sədri qeyd edib ki, Azərbaycan mediası müstəqil mediadır: "Cəmiyyətdə nə hadisə baş verirsə, dərhal müzakirəyə çıxarılır. Bu müzakirə istər mətbuat, istərsə də sosial şəbəkə vasitəsilə aparılır. Bu da Azərbaycanda media azadlığından irəli gəlir. Təbii ki, mediamızda bəzi problemlər də var. Amma iqtisadi baxımdan çox güclü mediaya sahibik. Azərbaycan mediası heç bir zaman basqılara məruz qalmır. Biz bu yaxınlarda monitorinq keçirdik. Nəticələrini ictimaiyyətə təqdim edəcəyik".

Ə.Amaşov qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun qatilinin tapılmasının üçün hüquq-mühafizə orqanlarına müraciət edib: "Bilirsiniz ki, Azərbaycan mətbuatı "Əkinçi" qəzeti ilə başlayır. Hüquq-mühafizə orqanlarına müraciət edirik ki, Elmar Hüseynovun qatillərin tapılması istiqamətində köməklik göstərsinlər və qatilin kimliyini müəyyənləşdirib ona layiq olduğu cəzanı versinlər".

Beynəlxalq Avrasiya Fondunun rəhbəri Umud Mirzəyevin sözlərinə görə, bu gün BMT səviyyəsində dezinformasiyalarla bağlı jurnalistikanın seçim qarşısında olduğu vurğulanır: "Hazırda jurnalistika sahəsində həqiqətlə yalan arasında mübarizə gedir. Bu da onsuz da neqativ halların baş verdiyi qlobal dünyada mənfi hadisələrə səbəb olur. Dünyanın supergücləri qarşı-qarşıya gəlməli olur. Hesab edirəm ki, həqiqəti olduğu kimi çatdırmaq üçün mətbuatın üzərinə məsuliyyət düşür".

MŞ-nın İdarə Heyətinim üzvü Azər Həsrət çıxışında Azərbaycan jurnalistlərinin qətlə yetirilməsinə toxunub. O bildirib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Salatın Əsgərova və daha 6 jurnalistimiz qətlə yetirilib: "Bundan əlavə Azərbaycanın daha iki jurnalisti Dağlıq Qarabağda qətlə yetirilib. Azərbaycan əsgəri isə bir dəfə də olsa belə erməni jurnalistinə atəş atmayıb. Mən eyni zamanda təəssüf hissi ilə qətlə jurnalist Elmar Hüseynovun üzərində siyasi manipulyasiyaların olduğunu demək istəyirəm. Onun adından manipulyasiya edib qrant almağa son qoyulmalıdır. Ona görə də bu məsələlərə son qoymaq lazımdır. Əgər kimsə qrant almaq istəyirsə, alsın. Amma çağırışlara son qoysun".

Daha sonra tədbirdə, "525-ci" qəzetin baş redaktoru Rəşad Məcid, "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev çıxış ediblər/Report.



SON XƏBƏRLƏR