ISESCO-nun Baş direktorundan Qarabağ açıqlaması: "Dünya Azərbaycana ədalətsiz yanaşır..."

02-05-2019 [23:04]
"Bu gün belə bir mötəbər Forumun açılışında iştirak etməkdən məmnunluq duyuram. Mən hesab edirəm ki, bu, dünyanın ən nüfuzlu tədbirlərindən biridir. 2011-ci ildə bu Forumun təməlini biz Bakı şəhərində qoyduq. O vaxt bildirildi ki, əgər siyasi iradə, öhdəlik, sabitlik olarsa, uğur gələcək".

Bu sözləri ISESCO-nun Baş direktoru Əbdüləziz Osman Əl-Tuveycri Bakıda keçirilən "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda deyib.

Əbdüləziz Osman əl-Tuveycri Prezident İlham Əliyevin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun işinə göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Dünyada müharibələrin, yoxsulluğun artdığını təəssüflə qeyd edən İSESCO-nun Baş direktoru mənfi meyillərlə mübarizədə təhsilin roluna toxunub. 

"Biz insanlara təhsil verməliyik, həm dini, həm də mədəni dəyərlər haqqında onları maarifləndirməliyik”, - deyə Əbdüləziz Osman əl-Tuveycri vurğulayıb.

 O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq deyib: "Bizim hamımıza məlum olan reallıq ondan ibarətdir ki, Azərbaycanın 20 faiz ərazisi Ermənistanın işğalı altındadır. Bu da beynəlxalq hüququn pozulmasıdır. BMT-nin Təhlükəsizlik Şurasının bununla bağlı qətnamələri var. Azərbaycan sülh, dialoq və qarşılıqlı hörmətə, yanaşmaya əsaslanan ölkədir. Dünya Azərbaycana yardım etmir, dünya Azərbaycana ədalətsiz yanaşır. Ancaq bu torpaqlar yenidən Azərbaycana qovuşmalıdır. Bu, sülhə aparan yoldur, bu, dialoqun uğurlu olmasına aparan yoldur".

İSESCO-nun Baş direktoru rəhbərlik etdiyi qurumun Azərbaycanın təşviq etdiyi dəyərlərə tərəfdar olduğunu vurğulayaraq bildirib: "Azərbaycana gəldikdə, ISESCO lap əvvəlcədən Azərbaycanın bu dialoq, hörmət dəyərlərinə tərəfdar çıxıb. Biz öz müxtəlifliyimizi qorumalıyıq, ona hörmətlə yanaşmalıyıq, insanlarımızı qorumalıyıq, dini dəyərlərə sadiq olmalıyıq. Biz bütün bunlara hörmətlə yanaşmalıyıq. Tolerantlıq o deməkdir ki, biz digər düşüncəyə, digər dəyərlərə malik olan insanı qəbul etməliyik. Bu, o deməkdir ki, onlara da hörmətlə yanaşmalıyıq. İstərdik ki, həmçinin bu yanaşma bizə münasibətdə də olsun. Bu, təhlükəsizliyə aparan yeganə yoldur. Bununla əsl dialoq olur, mənalı dialoq olur və zorakı münaqişələrin qarşısı bununla alınır".

Əbdüləziz Osman əl-Tuveycri deyib ki, İslam sülh və mərhəmət dinidir. Sonda Baş direktor tədbirin təşkilinə görə bir daha prezident İlham Əliyevə minnətdarlığını bildirərək deyib: "Mən cənab Prezident, Sizə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bütün iştirakçılar öz ölkələrinə qayıtdıqdan sonra burada aparılan müzakirələrdən nəticə çıxaracaqlar, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsində və ərazi bütövlüyünün bərpa olunmasında ölkənizə dəstək verəcəklər. Arzu edirəm ki, Allahın iradəsi ilə bütün dünyada sülh və rifah bərqərar olunsun".


SON XƏBƏRLƏR