Jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün qabiliyyət imtahanı keçirilib

img

02-05-2019 [17:47]


Jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün qabiliyyət imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzindən Mia.az-a verilən məlumata görə, artıq bir neçə ildir ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlara bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət etmək imkanı verilir.

Həmin bakalavrlar 2019-cu il aprelin 16-dan 25‑dək DİM-in internet saytında qeydiyyatdan keçməli idilər. Bu müddət ərzində 16 nəfər bakalavr qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmişdir ki, onlardan 15 nəfəri Azərbaycan bölməsinin, 1 nəfəri isə rus bölməsinin bakalavrıdır.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlar 2019-cu il mayın 1-də və 2-də DİM tərəfindən təşkil olunan Qabiliyyət imtahanı komissiyasının üzvləri qarşısında qabiliyyət imtahanı vermişlər. Komissiyanın tərkibinə jurnalistika üzrə kadrlar hazırlayan ali təhsil müəssisələrinin və Mətbuat Şurasının nümayəndələri daxil ediliblər. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da qabiliyyət imtahanının gedişini izləyib, imtahan verən bakalavrlara suallar ünvanlayıb, məsləhət və tövsiyələr verib.

Qabiliyyət imtahanı verənlər içərisində bakalavriat səviyyəsində jurnalistika üzrə təhsil alanlarla yanaşı, kitabxanaçılıq və informasiya, xarici dil müəllimliyi, politologiya ixtisasları üzrə təhsil almış şəxslər də olub. Bu imtahanın nəticələrinə görə, 15 nəfər bakalavr "məqbul” qiymət alıb və jurnalistika üzrə 44 saylı proqramı seçmək hüququ əldə edib.

Həmin bakalavrlar 2019-cu il mayın 7-dək keçiriləcək proqram seçimi zamanı 44 saylı proqramı seçib təsdiq etməli və ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının mayın 26-da keçiriləcək ikinci mərhələsində jurnalistika üzrə inşa (esse) yazmalıdırlar. 

İmtahan haqqında ətraflı məlumat və yazı işinə dair tələblər "Magistr” jurnalının 2019-cu il tarixli 3-cü sayında dərc olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR