“Azəriqaz” rəhbərinin başı dərddə: Prezidentə dosye verilib – Komitə sədri daha nələr açıqladı?

img

02-05-2019 [11:04]


Azəriqaz İB tərəfindən "Qaz təchizatı haqqında” Qanunun, Nazirlər Kabinetinin 80 saylı qərarının bir neçə maddəsi pozulur.

Bunu Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyib. 

O, bildirib ki, 16 dekabr 2017-ci ildə SOCAR vitse-prezidenti Rəhman Qurbanovun təsdiq etdiyi ”Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair Metodiki tövsiyələr"ə əsasən "Azəriqaz” tərəfindən hazırlanmış qaydaların 4-cü bəndindəki qanunsuz düzəliş nəticəsində abonentlərə tətbiq olunan cərimə ikiqat artırılıb. 

"Belə ki, SOCAR tövsiyələrinin 1.4.1 bəndinə əsasən abonentə cərimə tətbiq olunarkən dəymiş ziyanın 90 gün ərzində sərf olunan qaz həcmində hesablanması nəzərdə tutulsa da, Əkbər Hacıyev tərəfindən hazırlanan qaydalarda bu, 180 günlə əvəz olunub. Bundan əlavə, qazpaylayıcı ilə abonent arasında bağlanmış müqavilənin 2.1.1. bəndinə zidd olaraq (istehlakçını nominal təzyiqdən aşağı olmamaqla keyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər) dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək) qaz abonentlərə (xüsusən də qış aylarında) fasilələrlə, aşağı təzyiqlərlə verilir. 

Qaz kəsilir, veriləndə isə 15-20 dəqiqə sistemə yüksək təzyiqlə hava vurulur. Bunu da guya əhalinin təhlükəsizliyi üçün etdiklərini deyirlər. Halbuki yüksək təzyiqlə gələn hava sayğacları da sürətlə fırladaraq əhalinin pulunun mənimsənilməsinə səbəb olur. Yəni insanlar faktiki olaraq, adi havaya görə qaz qiymətində pul ödəyirlər".

Komitə sədri "Azəriqaz” rəhbərliyinin bəzi müəssisələrə verilən qazı itki və əhalinin boynuna qoymaq istədiyi qənaətindədir: 


MİRVARİ QƏHRƏMANLI

"Rəsmi mənbələrin hesabatlarında qaz təchizatında böyük miqdarda qaz itkisinin olduğu qeyd olunur. 2016-cı ildə audit şirkəti ”Ernst & Young"  və ölkənin Hesablama Palatası "Azəriqaz”da yoxlama apararkən bir çox qüsurlarla yanaşı, istehlakçıların qazla təminatı zamanı böyük qaz itkilərinin də olduğunu qeyd etmiş və itkilərin aradan qaldırılması üçün həmin qurumlar tərəfindən təklif və göstəriş də verilmişdi. Rəqəmləri təhlil etdikdə, ən yüksək itkilərin regionlarda baş verdiyi müşahidə olunur. 

Təbii ki, bunun da əsas səbəbi rayon və kəndlərdə sayğaclaşmanın tam aparılmaması, infrastrukturun keyfiyyətinin aşağı olmasıdır. Eyni zamanda broylerlərin və istixanaların ("parnik”lərin-red.) da qaz itkilərində payı az deyil. Mətbuat buraya yönələn qanunsuz qaz xətləri barədə dəfələrlə araşdırma aparıb. Məhz bu səbəblərdən, qaz itkilərinin həcmi ildən-ilə artır. Halbuki 2009-2010-cu ildə "Azəriqaz”da struktur islahatları aparılarkən əsas məqsədlərdən biri itkilərin minimum endirilməsi idi".

M.Qəhrəmanlının sözlərinə görə, qaz təchizatında itkilərin çox olmasının bir neçə mühüm səbəbləri var: "Qaz uçotu işinin düzgün qurulmaması, bir çox iri müəssisələrə qeydiyyatsız qazın ötürülməsi, sayğacların xarab olması (əhali üçün quraşdırılan əksər G-4 markalı qaz sayğacının istismar müddəti 5 ildir. Faktiki isə əhalinin istifadəsində olan sayğacların 70 faizdən çoxu 6 ildən yuxarıdır ki, quraşdırılıb. Ona görə də qaz emal olunmamış vəziyyətdə ötürüldüyündə sayğacın sərf qeyd edən diafraqmaları tozdan, zir-zibildən tutulduğundan sərfiyyat tam qeyd edilmir), cari təmir işlərinin ümumiyyətlə aparılmaması, qazpaylayıcı stansiyalarda verilmiş texnoloji rejimlərə əməl olunmaması, təbii qazın mexaniki qarışıqlardan təmizlənmədən, qurudulmadan sistemə daxil olması və sair”.

Komitə sədri deyir ki, ötən il Əkbər Hacıyevin tapşırığı ilə Bakıda və rayonlarda əhaliyə qanunsuz  və böyük həcmdə cərimələr tətbiq olunub: "İstismar müddəti 5 il olan sayğaclara 6 ildən sonra müdaxilə adı altında cərimələr yazılırdı. Bizim də yardımımızla abonentlər ”Azəriqaz"ı məhkəməyə verib cərimələri ləğv etdirdilər. Məhkəməyə üz tutanların sayı sürətlə artdı deyə, bu qanunsuzluğu azaltmalı oldular".

Qazın keyfiyyətinə gəlincə, M.Qəhrəmanlı bildirir ki, sovet dövründə  hətta birbaşa mədəndən alınan qazdan istifadə edilsə də, zəhərlənmə hallarına rast gəlinməyib: "Biz indiki Qumadasında iş yerində mədəndən birbaşa çəkilən qazı ceyran sobasında yandırırdıq, heç nə də olmurdu. İndi necə olur ki, bütöv ailələr qazdan zəhərlənib ölür? Düşünürəm ki, bu, qazın tərkibi ilə bağlıdır. Bu sahədə sovet dövründəki ciddi nəzarət indi yoxdur. Burada korrupsiya ehtimalları da böyükdür. Müstəqil nəzarət qurumu olmalıdır - şəbəkəyə verilən qazın tərkibi müntəzəm olaraq yoxlanmalıdır”.

Neft sahəsi üzrə ekspert İlham Şabanın bildirdiyinə görə, Azərbaycanda istehlakçılara paylanan qazın emalı aşağı səviyyədədir: "Metan qazı bütün yanma boyu mavi rəngdə olmalıdır. Bunun üçün hasil olunan qaz emal zavodunda bütün fraksiyalardan təmizlənməlidir. Bu fraksiyaların özü qiymətli xammaldır, kimya sənayesinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. 

Rəsmi statistikaya baxsaq, görərik ki, Azərbaycanda istehlak olunan qazın cəmi 20 faizə qədəri emal olunur. Çünki emal zavodunun imkanları bundan artığına çatmır. 1959-cu ildə tikilmiş zavoddur, istismar müddətini çoxdan başa vurub. Belə zavodların ömrü maksimum 40 ildir, modernizasiya ilə 50 ilə çatdırmaq olar. Böyük Britaniyanın ”Con Braun" şirkətinin 19 il əvvəl - 2000-ci ildə verdiyi rəyə əsasən bu zavodun modernizasiya imkanları mövcud deyil".

Ekspert bildirir ki, qaz emalı zavodunun vəziyyətini nəzərə alaraq hökumət yeni zavodun tikintisinə vaxtında başlamalı idi: "Bu işə 10 il əvvəl başlamaq lazım idi. Bizimkilər isə hələ gələn il başlamağı nəzərdə tuturlar. Halbuki yeni qaz emalı zavodunun inşası həm istehlakçıların təhlükəsizliyi baxımından, həm ekoloji baxımdan, həm də iqtisadi baxımdan son dərəcə vacib məsələdir. Emal nəticəsində qazdan əldə olunan maddələr kimya sənayesini qiymətli xammalla təchiz edərdi”.

Prezidentin müşavirədəki çıxışından anlaşılır ki, Əkbər Hacıyevin fəaliyyəti ilə bağlı ölkə başçısına dosye verilib. 

Görünür, həmin dosyedə "Azəriqaz” rəhbərinin qanunsuzluqları faktlarla göstərilib. Və dosye o qədər çirkli olub ki, Əkbər Hacıyevin əhaliyə verdiyi çirkli qaz bunun yanında "toya getməli”di. Əgər doğrudan da belədirsə, Əkbər Hacıyevin vəzifədə çox qalacağı inandırıcı deyil. Prezidentin müşavirədəki tövründən də bunu müşahidə etmək mümkün idi.  

Xatırladaq ki, prezident müşavirədə yarıtmaz fəaliyyətlərinə görə tənqid etdiyi məmurları vəzifədə çox saxlamır. Yaxın keçmişdə bunun xeyli nümunələri var.

"Yeni Müsavat”

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR