Qalmaqallı 90 OG 002 dövlət nömrə nişanlı “Range Rover”lə piyadanı vuran biznesmendir? - Yeni iddialar yayıldı

01-05-2019 [16:37]
"Range Rover” markalı maşınla piyadanı vuran sürücünün kimliyi məlum olub.

Mia.az xəbər verir ki, Virtualaz.org hadisəni törədən sürücü ilə bağlı bəzi məlumatlar əldə edib. 

Məlum olub ki, Mahir Əsədov Bakının əsasən zənginlərin məskəni olan "Vorovski” qəsəbəsində yaşayır, bizneslə məşğul olduğu, "Ağ şəhər”də binalar inşa etdiyi deyilir və onu qəsəbədə "çox nüfuzlu biri” kimi tanıyırlar.

Hələlik hüquq-mühafizə orqanları bu hadisə ilə bağlı rəsmi məlumat yaymayıb.

 Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik leytenantı Rüfət Quliyev açıqlamasında eyni dövlət nömrə nişanının müxtəlif avtomobillədə istifadə olunması faktının araşdırılacağını dedi: "Ola bilər ki, bu fotoşop olsun. Çünki indi elə dövrdür ki, texnika vasitəsilə nömrəni dəyişdirmək, üzərinə başqa nömrə yapışdırmaq mümkündür. Biz bu barədə araşdırma aparacağıq və araşdırmadan sonra məsələyə hüquqi qiymət verilə bilər”.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib ki, aprelin 30-da axşam saatlarında Bakının Nizami rayonunda 90 OG 002 dövlət nömrə nişanlı "Range Rover" avtomobili ilə vurulmuş piyadanın  vəziyyəti olduqca kritikdir, həyatı təhlükəsi var.

"Dünən gecə saatlarında təcili tibbi yardımla 3 saylı şəhər xəstəxanasına gətirilən yaralının başında zərbədən hematoma yarandığı müəyyən edilib, təcili əməliyyat olunub. Göstərilən tibbi yardımlara baxmayaraq, vəziyyəti olduqca ağır qiymətləndirilir”, - Abubəkirov əlavə edilib.

Hadisə "Neolit” şadlıq sarayının yanında baş verib. Hadisəni törədən sürücü avtomobili  saxlamayıb, sürətlə hadisə yerindən uzaqlaşıb. Yaxınlıqdakılar təcili tibbi yardım çağırıblar. Yaralı orta yaşlı kişinin üzərində heç bir sənəd olmadığından hələlik şəxsiyyəti müəyyən edilməyib.


SON XƏBƏRLƏR