Prezidentdən icra başçılarına xəbərdarlıq: "Öz işlərinə vicdanla yanaşarlarsa..."

img

01-05-2019 [10:13]


"Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, ən ağır məqamlarda dövlət onların yanındadır. Dövlət orqanları, mərkəzi və yerli icra orqanlarının nümayəndələri daim vətəndaşlara qayğı, diqqət göstərməlidirlər, daim vətəndaşların yanında olmalıdırlar”.

Mia.az xəbər verir ki, bunu prezident İlham Əliyev dünən Nazirlər Kabinetinin iclasında deyib. 

O, bildirib ki, müvafiq icra orqanlarının rəhbərlərinə və məsul şəxslərə göstəriş verilib ki, onlar daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar: "İcra başçıları qəsəbələrdə, kəndlərdə olmalıdırlar, vətəndaşların problemlərini eşitməlidirlər, onlara biganə qalmamalıdırlar, onlara şərait yaratmalıdırlar, onlara dəstək olmalıdırlar, kömək göstərməlidirlər. Bu sahədə çox ciddi islahatlar aparılır və aparılacaq”.

İ. Əliyev idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac olduğunu vurğulayıb: "Mən bunu demişəm, bu gün də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar.

Biz regional inkişaf proqramını böyük dərəcədə yerlərdən gələn məktublar, sifarişlər əsasında formalaşdırmışıq. Hansı problemlər insanları narahat edir, biz o problemləri də dövlət proqramına salmışıq və onları həll edirik. Amma bəzi hallarda bu layihələrin icrası ilə bağlı da bir çox qüsurlar, bir çox çatışmazlıqlar olur. Bunlar aradan qaldırılmalıdır. Əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR