"Özümə inamlıyam, inamım mənə stimul verir" - Səxavət Tağlarla söhbət...

30-04-2019 [21:57]
Elə insanlar var ki, onların bütün fəaliyyətləri, əməlləri örnəkdir.

Ünsiyyətdə olanda, iç dünyasından, yanaşım tərzindən qürur duyub, rahatlıq tapırsan. Belə insanlar hər kəsin dostu olmaqla, böyük sevgiyə layiqdirlər.

 Şəxsiyyətinə, pedaqoji fəaliyyətinə və ədəbi yaradıcılığına yaxından bələd olduğum Səxavət Tağlar kimi... 

 Doğum günü ərəfəsində İmişli rayonunda yaşayıb- yaradan, yazıçı- publisist, respublikanın Əməkdar müəllimi Səxavət Tağlarla görüşdük. 

Söhbətimiz  nədənsə sosial şəbəkədə paylaşdığı statuslardan başladı:

- Səxavət müəllim, ailəniz bu günlərdə nəvə sevinci yaşadı. Hamı Sizi təbrik elədi. Biz də təbriklərə qoşuluruq.

-  Çox sağ olun. Təşəkkür edirik. İki nəvəmiz var: Şəbnəm və Zeynəb. Üçüncü nəvəmiz Uğur dünyaya gəldi.

- Mətbuatdan "Ağrılarım bağışla məni” essenizi oxuduq. Ötmüş olsun, nədir bu ağrı - acı?!

- Əslində ağrı- acının bütün insanlarda olması təbiidir. Biz ədəbiyyat, söz adamları görünür belə halları dilə gətiririk. Allaha şükür, yaxşılıqdır. Səhətimdən, iş- gücümdən də razıyam. 

- 1 may  Sizin doğum gününüzdür. Təbrik edirik. İstərdik ki,  arzu və istəklərinizi də bizimlə bölüşəsiniz.

- Otuz ildən artıq rəhbərlik etdiyim pedaqojı kollektivdə təlim -tərbiyənin bir çox aspektləri üzrə uğurlarımız var. Kollektivimizdə yaşanan sağlam ab-hava, hər kəsin məsuliyyət hissi, daha böyük təlim göstəriciləri əldə etməyi vəd dedir. Ədəbi yaradıcılığa gəlincə isə " Rəngli ağrılar” adlı esse və hekayələr kitabım bu günlərdə işıq üzü görəcək. Nə deyim, pedaqoji və ədəbi fəaliyyətimi qoşa aparıram. Təqdirlərim də olur, narazı qaldığım, unudulduğum məqamları da görürəm. Ancaq buna baxmayaraq, özümə inamlıyam, inamım mənə stimul verir.

- Sizin " Qarabağ düşüncələri”, " Gecikmiş məktub”, " Ana fəryadı”, " Şərqin bülbülü”, " Bir nəslin dörd fəsli” ədəbi bədi kitablarınızı oxumuşuq. Nə gözəl ki, yaradıcılığınızda Qarabağ mövzusu daha qabarıq əks olunur.

-  Nə deyim. Taleyin hökmü ilə ali təhsili Qarabağda – Xankəndi şəhərində almışam. Şuşa ən çox sevdiyim şəhər olub. Oranın təbiəti, insanları, füsünkar gözəllikləri qəlbimdə əbədidir. Hərdən xatirələrə dalıram, kövrək hisslərlə Şuşalı, Xankəndili günlərimizi yaşayıram. Şuşanın əsrarəngiz gözəllikləri, meşələri, dağları, tarixi abidələri, hər qarış torpağı, daşı, bir- birindən gözəl insanları unudulmazdır. Görünür bu unudulmazlığın qəlbimə hakimliyi yazılarıma, yaradıcılığıma sirayət edib.

-  İstərdik "Bir nəslin dörd fəsli” kitabınız barədə danışasınız. Necə oldu ki, bu kitab ərsəyə gəldi?

- Xalq yazıçı və şairləri –Rəsul Rza, Nigar Rəfibəyli, Ənvər Məmmədxanlı və Anar yaradıcılığı barədə ayrı- ayrı vaxtlarda tədqiqat xarakterli məqalələr yazıb ədəbi orqanlarda çap etdirmişdim.

Yazılara verilən rəylər, ədəbiyyat adamlarının fikirləri məndə maraq yaratdı ki, həmin yazıları toplayıb kitab halında çıxarım. " Bir nəslin dörd fəsli ” kitabı maraqla qarşılandı, kitabın Göyçay şəhərində Rəsul Rzanın ev müzeyində təqdimatı və TV kanallarında bu materialın getməsi mənə sevinc gətirdi. Rəsul Rza yaradıcılığına müraciətim "Beynəlxalq Rəsul Rza mükafatı”na layiq görüldü.

Səxavət müəllim, yeni yaşınız günlərində maraqlı müsahibə üçün təşəkkür edirik. Simanızda deyə bilərik ki, ədəbiyyat adamı üçün mərkəzdə və ucqar bir kənddə yaşamaq fərq etmir. Siz regionda yaşayıb yaradan bir ziyalı kimi həm pedaqojı sahədə, həm də ədəbiyyat adamı, yazıçı olaraq tanınırsınız, sevilirsiniz. 

Sizə uğurlar arzulayırıq.  Yaşınız mübarək! Doğum gününüz mübarək!         

Valeh Bahaduroğlu,
 Şair, prezident mükafatçısı.





SON XƏBƏRLƏR