"Ağır bir yük daşıdığımızı fərqinə varmalıyıq” - Ruhanidən ABŞ-a mesaj

30-04-2019 [13:38]

"Neft satışlarımızın sıfıra enməsinə icazə verməyəcəyik".

Bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.

Ölkəsinin neft satışında israrlı olmaqda davam edəcəyini söyləyən H.Ruhani bildirib: "İran neft ixracını güclü şəkildə davam etdirəcək”.

Birləşmiş Ştatların sanksiyalarının mərhəmətsiz olduğunu deyən İran Prezidenti sanksiyaların birbaşa xalqı hədəf aldığını qeyd edib: "İstər hökumət, istər işəgötürən, işçi, sahibkar və ya fərqli istehsal sektorları olsun, mövcud vəziyyətdə ağır bir yük daşıdığımızı fərqinə varmalıyıq”.

ABŞ-ın İran neftini sıfıra endirməklə bağlı qərarının böyük bir səhv olduğunu bildirən H.Ruhani deyib: "Amerikalılar qarşıdakı aylarda neft ixracını həyata keçirməkdə davam edəcəyimizi görəcəklər. Dövlət olaraq neft ixracını güclü şəkildə davam etdirəcəyik”.

İran Prezidenti bəzi ölkələrin ABŞ-ın təzyiqi qarşısında geri çəkilmələrini tənqid edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İrandan neft alan ölkələrə tətbiq edilən və mayın 2-də başa çatacaq güzəştin müddətini artırmayıb. ABŞ-ın İrana qarşı sanksiyalarının ötən il noyabrın 5-də qüvvəyə minən ikinci mərhələsi çərçivəsində İrandan neft idxalını azaldan 8 ölkəyə - Türkiyə, Çin, Hindistan, Koreya Respublikası, İtaliya, Yunanıstan, Yaponiya və Tayvana 180 günlük müvəqqəti güzəşt tətbiq olunurdu/Azərtac.



SON XƏBƏRLƏR