“Kredo”- sözün ruhu

30-04-2019 [12:26]
Xeybər Göyyallı

***

XX əsr Azərbaycana gətirdiyi bütün ağrı-acıları ilə yanaşı tariximizdə əlahiddə bir yerə məxsusdur. XX əsri Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün intibah dövrü də adlandıra bilərik.Azərbaycan XX əsrin birinci və sonuncu rübündə milli-mədəni intibah dövrünü yaşamış və iki dəfə öz müstəqilliyinə nail olmuşdur. Azərbaycanın hər iki müstəqilliyinin qazanılmasında, milli-mənəvi düşüncənin oyanış və formalaşmasında mətbuatın xüsusi rolu olmuşdur. Azərbaycanda XX əsrin birinci və sonuncu rübündə (nominal cəhətdən bir neçə il sonra) neft bumu ilə bərabər güclü bir mətbuat bumu da yaşanılmışdır.

XX əsrin 90-cı illərində milli oyanışın güclü təkan verdiyi "samizdat” nəşrlərdən sonra ciddi və leqal mətbuatın erası başlandı. Ancaq etiraf edək ki, müstəqilliyin, siyasi ab-havanın verdiyi imkanlardan diletantlar da öz şəxsi məqsədlərini həyata keçirmək üçün geninə-boluna "yararlandılar”. Bu axına çoxları qoşuldu.Statistikanı unutmuşam, həmin vaxt ölkədə 600-dən çox adda mətbu orqan qeydiyyata alınmışdır. Ancaq həmin mətbuat nümunələrinin eləsi oldu ki, çap edilmiş nömrələri heç bir əlin barmaqlarının sayı qədər olmadı. Ona görə yox ki, pul-paraları çatmadı. Yox...Həmin vaxt "Azərbaycan” nəşriyyatında ( redaksiyaların əksəri orada qərar tutmuşdur) yerləşən rəsmi qəzetdə çalışdığımdan tam məsuliyyətlə deyirəm ki, qəzet-jurnal təsisçisi və özünü yazar kimi cəmiyyətə sırımaq istəyənlərin "baqajları” boş idi, onların çoxu kabab iyinə gəlmişdilər.Gördülər ki, onların yeri deyil, üzündə az-çox abır-həyası olanlar üzüsulu getdilər. Bu qısa tarixi ekskursu təsasdüfən etmədim. "Kredo” qəzeti də həmin illərdə, lap dəqiq desək, 1999-cu ildə təsis olunub. İndiki kimi yadımdadır, "Kredo”nun naşiri və bu gün də əsas yazarı olaraq qalan Əli Rza Xələfli sonradan mənə dedi ki, qəzetin rəsmi dövlət qeydiyyataalınma prosesində hansısa prosedurda güvəndiyi bir adam kimi mənim də adımı rəsmi sənədlərdə qeyd etdirib. Bu səbəbdən "Kredo”nun ilk saylarının gün işığına çıxdığını yaxşı xatırlayıram. ”Kredo” qəzet axınında təsis olunsa da, axına qoşulmadı, axına qarışıb rəng-ruhunu itirmədi.Əksinə, yarandığı gündən öz rəng-ruhu, öz mündəricəsi, adı kimi dəyişilməz amalı oldu. Amalına sadiq olduğundan uzaq getdi, uzaqdan göründü, ucada qaldı. O, ədəbiyyat, sənət, düşüncə və mənəviyyat qəzeti oldu.O, insanı və insanlığı təbliğ edən bir qəzet oldu. Elə bu səbəbdəndir ki, düz iyirmi ildir yol gəlir. Bu iyirmi ildə "Kredo”nun mənəvi siqləti əskilmədi, oxunaqlığı azalmadı ,əksinə , nömrədən –nömrəyə bu dəyərlər artdı. "Kredo”sevərlər mənimlə sidq ürəkdən razılaşarlar ki, bu, mənəvi siqlət qəzetin yaradıcısı Əli Rza Xələfli ilə birbaşa bağlıdır. Huşyar oxucular təsdiqləyərlər ki, qəzet yarandığı gündən bu günə kimi bir nəfərin- Əli Rza Xələflinin tribunası olaraq qalır. Düzdür, "Kredo” Azərbaycanın bütün ədəbiyyat və sənət adamlarının üzünə açıqdır. Ancaq etirafda bulunaq ki, "Kredo” nun bütün yükü Əli Rza Xələflinin çiynindədir.Təkcə bu gün yox, yarandığı gündən belədir. Ə.Xələflini lap uzaqdan

tanıyanlar əminliklə təsdiqləyərlər ki, onun özünə sözünü demək üçün bir qəzet lazımdır. Bu belədir,ona özünü dolğun formada özünüifadə və özünütəsdiq üçün ayrıca bır tribuna gərək idi. Ə.Xələflini ədəbi-bədii tədbir və yığıncaqlardan tanıyanlar mənimlə bir məsələdə də şərik olarlar ki,o, odlu-alovlu, emosional , sərbəst və sərrast , həm də səhvsiz və xətasız bir nitqə malikdir. O, elə danışdığı kimi də yazır. Deyəsən, bir qədər yanlışlığa yol verdim. Bilənlər bilir ki, Ə.Xələfli masa arxasında əyləşib, əlinə qələm alıb, kağız üzərində yazmır. Kompüter adlı çoxfunksiyalı bir texnika icad olunandan birbaşa diktə edir.Yenə yanlışlığa yol verdim. Kompüter Azərbaycana gələnə qədər də birbaşa yazı makinasına diktə edərdi. Olsa- olsa əlində faktlar qeyd olunmuş bir vərəq görmək olardı. Bunu kimdənsə eşitməmişəm, öz gözlərimlə görmüşəm.Onun yazı manerası belə asan (kənardakılara belə asan görünə bilər) göründüyü qədər də Tanrı vergisidir. O, özünü dərk etdiyi gündən ömür-gününü səssiz-səmirsiz müqəddəs sözə həsr edib. Tanrı ona elə bir istedad bəxş edib ki, nəinki azalır, tükənir, əksinə işləndikcə və zaman axarında getdikcə cilalanır. Ə.Xələfli ədəbiyyata publisistika ilə gəlib.Bu məqamda onu da deyim ki, onun publisistikası adi , gündəlik məişət publisistikası deyil.Tam cəsarətlə demək olar ki, Ə.Xələflinin publisistikası Azərbaycan publisistikasının qızıl fonduna daxil olmuş bir publisistikadır. Dedim ki, Ə.Xələflinin istedadı nəinki tükənir, əksinə gündən günə cilalanır.Bu belədir, ədəbiyyata publisistika ilə gələn Ə.Xələfli bu gün geniş ictimai mündəricəli poeziya nümunələrini özündə əks etdirən onlarla kitabın müəllifidir.

Yadıma "Kredo” nun tərcümeyi-halı ilə bağlı bir olay da düşdü. Bu məqamda yazmasaq olmaz. Həmin olay bu gün də yada düşəndə adamın qanı qaralır, əsəbiləşir. İli dəqiq xatırlamıram, qəzet cəmiyyət tərəfindən qəbul edildiyi, geniş ictimai nüfuz və populyarlıq qazandığı bir dönəmdə xainlər, xəbislər, onun nüfuzundan eymənənlər "Kredo”ya çamur atdılar. Xainlər, xəbislər güman etdilər ki, atdıqları çamurun yeri qalacaq, mənfur niyyətlərinə çatacaqlar, qəzeti ictimaiyyət içərisində nüfuzdan salacaqlar. Kimin və yaxud kimlərinsə diktəsi ilə "Kredo” kimi mənəviyyat qəzetinə qızıl-qırmızı şər-böhtan söylədilər, qəzeti adını "boz” mətbuatın ( mətbuat deməyə adamın dili gəlmir) sırasına yazmaq istədilər. Güman edirəm ki, bu mənfur niyyətə düşənlər "Kredo” nun ictimaiyyət arasında qazandığı hörmət-izzətdən xoflanmışlar. Xain xoflu olar axı. Xain və xəbislərin düşüncəsi çox təhlükəlidir, onlar düşünürlər ki, qabaqdakı olmazsa, o , irəli düşəcəkdir, o, birinci olacaqdır.Unudurlar ki, bu dünyada hər kəs və hər şey öz yerini tutur.

O da yadımdadır ki, "Kredo” ya atılmış bu çamura qarşı könüllü olaraq geniş bir etiraz dalğası başladı. Azərbaycan ictimaiyyəti arasında böyük nüfuz sahibi olan ziyalılar, ədəbiyyat və sənət adamları düşüncə daşıyıcısı və mənəviyyat carçısı olan qəzetin müdafiəsinə qalxdılar. Ölkənin onlarla tanınmış ziyalısı, yazarı və alimi öz vicdanlarının diktəsi ilə qəzetə atılmış şər-böhtanı ifşa edən məqalələrlə çıxış etdilər. Xainlər unutmuşdular ki, "Kredo”çu və "Kredo”sevərlər bu dünyanı başqa (maddi) dəyərlərlə yox, sözün ruhuyla dərk edirlər. "Kredo”çular ın ən böyük mənəvi üstünlüyü elə bu idi. Elə buna görə də sarsılmadılar, sarsıtdılar.

"Kredo”çular demişkən, bu məqamda bir məsələyə də münasibət bildirmək vacibdir.Yenə bilənlər bilir ki, "Kredo” qəzetinin texniki işçiləri ilə birlikdə vur-tut 3-4 əməkdaşı olub. ( Hazırda heç bu da yoxdur). Qəzetin əməkdaşı (müxbiri) var idimi ki, obyektə getsin.Bundan da önəmlisi odur ki, "Kredo” axı məişət-təsərrüfat mündəricəli qəzet olmayıb. Müdrikcəsinə deyilib:”Yel qayadan nə aparar?” Qara yellər qosqoca qayalardan bir çınqı qopara bilməyib, barmaq sürtüləcək qədər belə toz aparmayıb, çünki gücü çatmır. Bu haqsızlıqdan sonra da "Kredo” öz düşüncə və amalına sadiq qalaraq yoluna davam etdi və bir daha özünü təsdiqlədi. Bu gün də "Kredo” öz amalındadır- müqəddəs sözə xidmət edir. Eşitdim ki, bu günlərdə "Kredo” nun 950-ci sayı işıq üzü görəcəkdir. Tam ciddiyyətlə deyə bilərik ki, zəmanənin gətirdiyi iqtisadi çətinliklər olmasaydı sevimli qəzetimizin boyu bir az da uca olardı. Amma o da yaxşı buyurulub ki, əsas say deyil, sanbaldır.Çoxları kimi mən də inanıram ki, "Kredo” hələ uzun illər oxucuların təşnəliklə gözlədiyi bir çap mediası olaraq qalacaqdır.Mənə elə gəlir ki, "Kredo” mənən və fikrən Əli Rza Xələfliyə məxsus olduğundan o, bir yazar kimi son dərəcə məhsuldardır.Uğurlar olsun sənə, Əli Rza Xələfli

Mia.az


SON XƏBƏRLƏR