Mətbuat Şurası şikayətləri araşdırdı

29-04-2019 [18:59]
Mətbuat Şurasının  Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Şuradan Mia.az-a verilən məlumata görə, iclasda müzakirəyə çıxarılan ilk məsələ "Fireland Vineyards” MMC-nin "Dia.az” saytına qarşı şikayəti olub. Bu xüsusda son zamanlar "Dia.az” saytından şikayətlərin intensivləşdiyi, sayının çoxluğu və şikayətçilərin ciddi arqumentlərlə çıxış etdikləri önə çəkilib. Buna görə də razılığa gəlinib ki, saytla əlaqədar xüsusi müzakirə keçirilsin və daha geniş araşdırmalar aparılsın.  

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun ABA TV-yə  qarşı şikayətinin müzakirəsində sayt rəhbərliyi iradları qəbul edib. Şikayət doğuran materiallar dövriyyədən çıxarıldığı üçün məsələ qapanmış sayılıb. ABA TV-yə  xəbərdarlıq edilərək bu sayaq məsələlərin təkrarlanmaması tövsiyə olunub.  

Komissiya "Sipark İnşaat ” MMC-nin "7 news.az” saytına qarşı şikayətini də araşdırıb. "7 news.az” saytının rəhbəri Səbuhi Abbasov iclasda iştirak edib. Şikayətçi tərəf isə toplantıya qatılıb mövqeyini əsaslandırmadığı üçün iddia əsassız sayılıb və geri qaytarılıb.  

 Sumqayıt şəhər tam orta məktəbin direktor əvəzi Həqiqət Abdullayevanın "Azbaku.org”, "Bakunews.az”, "Doqruxeber.az” və "Conflikt.az” saytlarına qarşı şikayətinin müzakirəsi zamanı müəyyənləşdirilib ki, fəaliyyətləri narazılıq doğurmuş saytlar tutarlı arqumentlər gətirmədən məktəb direktoru barədə ittihamedici fikirlər səsləndiriblər, peşə prinsiplərinə zidd olaraq onun şəxsi həyatı ilə bağlı da əsassız məsələləri gündəmə gətiriblər. Qeyd edilən saytların nümayəndələri iclasda iştirak edib mövqelərini bildirmədikləri üçün məsələnin "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında baxılması razılığına gəlinib.  

 Kənd Təsərrüfati Nazirliyinin "Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyi MMC-nin direktoru Anar Hüseynovun "Realmedia”, "Teref.info”, "Bakunews.az” xəbər saytlarına qarşı şikayətini araşdıran komissiya üzvləri müəyyənləşdiriblər ki, sözügedən saytlarda yayımlanmış materiallarda A. Hüseynovun fəaliyyətinə düşünülmüş şəkildə xələl gətirmək, nüfuzunu zədələmək üçün qondarma fikirlər yer alıb. Tənqid obyekti heç bir əsaslandırma olmadan müxalif düşərgədə dayanan ayrı-ayrı şəxslərlə və terrorçu FETÖ hərəkatı ilə əlaqələndirilib. Komissiya sözügelən materialları geniş miqyasda araşdırmaq üçün məsələni "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına yönləndirib. 


SON XƏBƏRLƏR