Prezident daşınar əmlakla bağlı fərman verdi - Dəyişiklik

29-04-2019 [17:33]
Bu gün Prezident İlham Əliyev "Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nın və "Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 1901 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Mia.az xəbər verir ki, Fərmana əsasən, "Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1429-VQD nömrəli Qanununun icrası ilə əlaqədar belə qərara alınıb:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 1901 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 451; 2019, № 1, maddə 82) ilə təsdiq edilmiş "Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.1.1-ci və 5.1.3-cü (ikinci halda) yarımbəndlərdə "və ya” sözləri "və olduğu halda” sözləri ilə əvəz edilsin;

1.2. 5.1.8-ci yarımbəndə "həcmi” sözündən sonra "(yuxarı həddi)” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 


SON XƏBƏRLƏR