Necə olur ki, 77 yaşlı adam 120 min əhalisi olan rayonda icra başçısı işləyə bilir, amma...

26-04-2019 [18:34]
Seymur VERDİZADƏ

***

Keçmiş həyat yoldaşından aliment ala bilmədiyi üçün studiyaya gələn qadınlarla çox qarşılaşmışam. Tamaşaçıların gözü qarşısında uşağından imtina edən analar da görmüşəm.

 Bir dəst təzə paltar üçün ərinin başına corab hörən arvadlarla da söz güləşdirmişəm. Adam içinə çıxmağa həmişə üzüm, deməyə sözüm olub. Amma bizə qələm tutmağı öyrədən müəllimlərin kömək üçün bir gün studiyaya üz tutacağını heç vaxt ağlıma gətirməmişəm...

Space TV-də Amil Xəlilin müəllifi olduğu "Gəl dərdini danış" sosial proqramı dadlı-duzlu qonaqları ilə seçilir. Məsələn, iki ay əvvəl studiyaya təşrif buyuran 81 yaşlı ağsaqqal arvadının onun paltarlarını ütüləmədiyindən şikayətlənmişdi. 

Ötən ay verilişin qonağı olan cavan bir oğlan isə həyat yoldaşının ona yemək bişirtdiyini, qab yudurtduğunu etiraf etmişdi. Dəyyusun biri isə aliment vermək istəmədiyi üçün iki körpə balasının başqa kişilərdən olduğunu dilə gətirmişdi. Heç şübhəsiz ki, bu cür tiplərlə gələcəkdə də qarşılaşacağıq. Dünyanın heç bir yerində ideal cəmiyyət yoxdur.

Bəndənizi bu mövzuya müraciət etməyə vadar eləyən səbəb isə daha ciddidir. 

Son vaxtlar verilişin qəhrəmanları arasında müqəddəs peşə sahibi olan müəllimlər də görünməyə başlayıb. Bu ağsaçlı, nurani simalı insanlar iş yerlərini itirmələrindən şikayətçidirlər.

 Ötən ay İmişli rayonundan gələn Qəmər müəllimə dedi ki, 65 yaşı tamam olan gün onu sinifdən çıxarıblar: "Deyirlər ki, qocasınız. Yerinizi cavanlara verin".

Gənclərin təmənnasız hamisi kimi ondan soruşdum: "Müəllimə, niyə evdə oturub dincəlmək istəmirsiniz?".

Cavabı belə oldu: "Himayəmdə azyaşlı nəvələrim var. Aldığım təqaüd bizə bir həftə belə bəs eləmir. Üstəlik, ağlım başımdadır, özümü gümrah hiss edirəm. Mən niyə işləməməliyəm?".

Bu sualı canlı efirdə məktəbin direktoruna verəndə, belə dedi: "Bu məsələ mənim səlahiyyətim daxilində deyil. 65 yaşı tamam olmuş müəllimlərlə müqaviləni ancaq Regional Maliyyə İdarələri uzada bilər".

Vəziyyətin mürəkkəb xarakter aldığını görən müəllimə göz yaşlarını saxlaya bilmədi: "Qurban olum, mənə kömək edin".

Müəllim ailəsində doğulan, müəllimə müqəddəs varlıq kimi baxan bir jurnalist üçün bu mənzərəyə tamaşa etmək olduqca ağlr idi. Səmimi deyirəm, həmin vaxt xəcalətimdən yerin dibinə girməyə hazır idim. Allah müəllimləri bu cür çıxılmaz vəziyyətə salan adamların üzünü qara eləsin!

Mən, yaşlı insanların yaxşı pensiya müqabilində təqaüdə göndərilməsinin əleyhinə deyiləm. Amma bir şərtlə ki, bu qanun hamıya şamil edilsin, ayrıseçkiliyə yol verilməsin. 

72 yaşlı adamın Baş nazir olduğu ölkədə 65 yaşlı müəllimi zorla təqaüdə göndərmək ədalətsizlikdir. Baş nazirin ən cavan müavini 70-i çoxdan arxada qoyub. Bu qərarı qəbul edən Milli Məclis üzvlərinin əksəriyyətinin yaşı 65-i ötüb. Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin 85 yaşı var. Səksən-doxsan yaşlı akademiklər MEA-da müxtəlif vəzifələr tuturlar. Necə olur ki, 77 yaşlı adam 120 min əhalisi olan rayonun icra başçısı işləyə bilir, amma 65 yaşlı müəllim cəmi 20 şagirdi olan sinifdə işləyə bilmir? Doğrudanmı, Milli Məclisin 79 yaşlı Komitə sədri Ziyad Səmədzadə Gədəbəyin təmiz havasını udan, hər gün balla, qaymaqla qidalanan Şakir müəllimdən sağlamdır? 

Demək istədiyim odur ki, müəllimi canlı efirdə ağladan cəmiyyət gec-tez ağlar günə qalacaq...

Moderator.az


Digər Xəbərlər

SON XƏBƏRLƏR
20:15 24.06.2019
Azercell-dən #Hədiyyə