DİM magistraturaya qəbul imtahanının birinci mərhələsindən keçənlərə müraciət etdi

img

26-04-2019 [17:58]


Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlara bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət etmək imkanı verilib. 

Dövlət İmtahan Mərkəzindən Mia.az-a bildirilib ki, həmin bakalavrlar aprelin 16-dan 25‑dək mərkəzin internet saytında qeydiyyatdan keçməli idilər. 

Bu müddət ərzində 16 nəfər bakalavr qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmişdir ki, onlardan 15 nəfəri Azərbaycan bölməsinin, 1 nəfəri isə rus bölməsinin bakalavrıdır.

Həmin bakalavrlar 1 - 2 may 2019-cu il tarixində qabiliyyət imtahanı verməlidirlər. Jurnalistika üzrə 44 saylı proqramı yalnız qabiliyyət imtahanında iştirak edən və "məqbul” qiymət alan bakalavrlar seçə bilərlər.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlar 2019-cu il aprelin 29-dan 30‑dək "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və 2019-cu il mayın 1 - 2-də vərəqədə göstərilən vaxtda Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Asiya Universitetinin binasında) qabiliyyət imtahanında iştirak etməlidirlər.

Bakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün özləri ilə aşağıdakı sənədləri mütləq gətirməlidirlər:

– şəxsiyyətini təsdiq edən sənədi;

– "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni;

– dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika janrları üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) (qovluqda);

– təqdim edilən materialların və çıxışların müəllifə məxsus olması ilə bağlı KİV-in məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş arayışı.

Qeyd: Yuxarıda sadalanan sənədlərdən hər hansı birini gətirməyən bakalavrlar qabiliyyət imtahanına buraxılmırlar.

Qabiliyyət imtahanında hər bir bakalavra təxminən 1 saat (30 dəqiqə imtahan biletinə hazırlaşmaq və 30 dəqiqə biletin suallarını cavablandırmaq üçün) vaxt ayrılır. Hər bir bakalavr bilet çəkməklə Qabiliyyət İmtahanı Komissiyası (QİK) qarşısında cavab verir. Mətbuat materialının təhlili yazılı formada yerinə yetirilir.

Hər bir biletin quruluşu təxminən aşağıdakı kimidir:

1. Bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika janrları üzrə yazılarına baxış və onların qiymətləndirilməsi;

2. Şifahi müsahibə;

3. Bakalavrın ona imtahanda təqdim edilən mətbuat materialını təhlil və redaktə etməsi.

İmtahanda hər bir bakalavrın cavabları müvafiq şəkildə protokollaşdırılır.

Qabiliyyət imtahanının qısa təsviri aşağıda verilir:

1. QİK üzvləri bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını nəzərdən keçirir, onları təhlil edir və qiymətləndirirlər.

2. QİK üzvləri imtahan verən hər bir bakalavrın ümumi dünyagörüş səviyyəsini, dünyada və ölkəmizdə cərəyan edən hadisələrdən və ictimai-siyasi proseslərdən xəbərdar olub-olmamasını, jurnalistikaya marağını, motivasiyasını, jurnalistika üzrə nəzəri biliklərini, KİV-lərlə tanışlığını, jurnalistikanın cəmiyyətdə rolunu başa düşməsini, jurnalistin peşə etikası qaydalarına bələdliyini və s. müəyyənləşdirmək məqsədi ilə təqdim edilmiş ədəbiyyat (mənbələr) çərçivəsində ona müvafiq suallar verirlər. Müsahibənin gedişində komissiya üzvləri bakalavrın maraq dairəsini, erudisiyasını və ümumi mədəniyyət səviyyəsini, KİV-lərdən xəbərdar olmasını, müasir publisistlərin yaradıcılığı ilə tanışlığını, seçdiyi peşənin xüsusiyyətlərini başa düşməsini, yaradıcı tapşırıqları cəld və orijinal şəkildə həll etmək bacarığını, həmçinin obyektiv reallığın hadisə və təzahürlərini qiymətləndirmədə müstəqil yaradıcı təfəkkür qabiliyyətini aşkara çıxaran əlavə suallar verə bilərlər.

3. Bakalavr ona imtahanda təqdim edilən mətbuat materialını təhlil və redaktə edir.

Bu yazılı tapşırıq Azərbaycan, rus və ya ingilis dilində verilmiş mətnin təhlilini və redaktə edilməsini nəzərdə tutur. Bakalavr səhvləri tapır və düzəldir, etdiyi düzəlişləri izah edir, mətni redaktə olunmuş formada yenidən yazır. Mətni redaktə edərkən bakalavr ədəbi dili, dil və nitq normalarını bilməsini, müasir dil normalarını pozan orfoqrafik, qrammatik, durğu işarəsi və nitq səhvlərini tapmaq və düzəltmək qabiliyyətini nümayiş etdirməlidir.

Materialı təhlil və redaktə edərkən bakalavr aşağıdakı məsələləri əhatə etməyə çalışmalıdır:

mövzunun açılma dərəcəsi;
başlıq və məzmunun uyğunluğu;
materialın quruluş və formasına görə janrının müəyyənləşdirilməsi;
materialın yazıldığı janrın tələblərinə uyğunluq dərəcəsi;
yazının dil və üslub normaları baxımından təhlili;
səhvləri aradan qaldırmaqla materialın yenidən işlənilməsi.
Qeyd: Təhlil üçün materiallar tədris bölmələrinə müvafiq olaraq Azərbaycan və rus dillərində, tədrisi ingilis dilində olan jurnalistika ixtisaslaşmalarını seçmək istəyən bakalavrlara həmçinin ingilis dilində təqdim olunur.

Bakalavrın biletin hər bir bəndi üzrə cavabı 5 ballıq şkala üzrə qiymətləndirilir (3 bənd üzrə maksimum bal: 15). Biletin hər bir bəndi üzrə ən azı 3, bilet üzrə ümumilikdə isə 9 və daha çox bal toplamış bakalavrlar imtahandan "məqbul” qiymət almış hesab edilirlər və proqram seçimi zamanı jurnalistika üzrə 44 saylı proqramı seçmək hüququ qazanırlar. Onlar magistraturaya qəbul imtahanının ikinci mərhələsində həmin proqram üzrə imtahan verərək inşa (esse) yazırlar. Bu bakalavrlardan mərhələ üzrə və ümumi müsabiqə şərtini ödəyənlər ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə ixtisaslaşmaları seçə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub