"Axşam hamısı hakimiyyətin Novxanı bağlarında saatlarla gözləyirlər ki..." - Partiya sədrindən ittiham

img

24-04-2019 [16:21]


"Biz də müxalifətik. Lakin Azərbaycanda adını müxalifət qoyan qüvvələr satqınlıqla məşğul olur. Bilirsiniz, yaxın günlərdə Cəmil Həsənlinin Amerikada olması, orda müəyyən fikirlər söyləməsi və razılığa gəlinməməsi ortaya çıxdı. Hər halda Amerika səfirliyi geniş kəşfiyyat xarakterli məlumatlara malikdir”.

Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev "Yeni Sabah”a ABŞ səfirinin müxalifətlə görüşməməsindən danışarkən deyib. O bildirib ki, ABŞ hələ Azərbaycanda öz mövqeyini dəqiqləşdirə bilməyib:

"İndi özünü ana müxalifət adlandıran qüvvələr korrupsioner məmurlardan heç də geri qalmır və bir tərəfdən də hakimiyyəti sovurub yeyirlər - hədə-qorxu gəlməklə, yalandan mitinq elan etməklə. Bir mitinqin təxirə salınmasında hər dəfə onlar yüz minlərlə pul alırlar. Bunların hamısını bildiklərinə görə bu məsələlərdə Amerika səfirliyi çox ciddi düşünür.

Biz də onların müşavirləri ilə müəyyən məsələlərdə söhbətlər aparmışıq. Azərbaycanın müxalifət dediyi kəsmin 26 ildir, bu dövlət, millətə xəyanət etdiyini demişik. Millətə "hakimiyyətə gəlirəm” deyib xəyanət edir, xalqı aldadır. Hakimiyyətə isə satqınlıq etməklə külli miqdarda pul alırlar. Azərbaycan xalqının sərvətlərinin bir hissəsi də 5-6 adını ana müxalifət qoyan qüvvələr yeyir”.

H.Hacıyev qeyd edib ki, Amerika səfirliyinin əməkdaşları kifayət qədər təcrübəlidir və onlar müxalifətdə baş verən prosesləri görürlər:

"Həm Azərbaycanda, həm Amerikada fəaliyyət göstərənlər – məsələn, Sevinc Osmanqızı, Əli Kərimlini dəstəsi və digərləri – müxalif obrazı yaradırlar, amma reallıq yoxdur. Biz dövlətə, dövlətçiliyə müxalifət deyilik. Hakimiyyətdə olan şərəfsiz, vicdanını satan, ölkə prezidentinin təklənməsində hakimiyyət daxilində olan qüvvələrin Cəmil Həsənli, Əli Kərimlidən istifadə etməsi Azərbaycanda islahatların qarşısının alınmasına yönəlmiş addımdır. Nəinki ABŞ səfirliyi, Fransa, Almaniya və başqa ölkələrin səfirlikləri də bunu gözəl bilir.

Düşünürəm ki, bu məsələ ABŞ səfirliyi hələlik düzgün mövqedədir. Azərbaycanda müxalifət deyilən anlayış yoxdur. Elə-belə, gözdən kül üfürməkdən ötrü yaranmış qüvvələrdir. Mən sənə deyim, sən də mənə de, amma axşam hamısı hakimiyyətin Novxanı bağlarında saatlarla gözləyirlər ki, görək kim bizi qəbul edir, 5-10 min pul verir. Hər halda yaxın vaxtlarda müəyyən məsələlərin üstü açılacaq. Müxalifət deyilən kəsimin vicdanı olsaydı, 25 ildə bir kəlmə də Qarabağın geri qaytarılmasından danışardılar”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq