"İki maşının pulunu verirsən, amma biri sənin olur, məgər qızıldan disk qoyurlar?” - Gömrüyə etirazlar + Rəylər

img

23-04-2019 [14:25]


Azərbaycana hər hansı avtomobil idxal etmək xaricdəki satış qiymətindən iki dəfə baha başa gəlir. Bundan başqa, xaricdən Azərbaycana avtomobil gətirən şəxslər gətirdikləri avtomobilə görə həm ödənilən gömrük rüsümunun çoxluğundan, həm də rüsumdan əlavə pul alınmasından narazılıq edirlər.

Mia.az xəbər verir ki, problemlə bağlı "Yeni Sabah”a danışan iqtisadçı Natiq Cəfərli qeyd edib ki, əslində avtomobil gömrük rüsumları ilə bağlı Azərbaycanda ciddi bir məntiqsizlik var:

"Çünki gömrük rüsumlarının, aksiz vergilərinin yüksək olduğu yerlər adətən çox böyük avtomobil istehsalçısı olan ölkələr olur. Yəni öz daxili bazarlarını qorumaq, daxili istehsalçılarına dəstək olmaq üçün həmin ölkələr bəlli çərçivədə özlərinə xaricdən avtomobillərin gətirilməsini qarşısını almaq məqsədilə böyük gömrük rüsumları, vergi , aksiz dərəcələri müəyyən edirlər. Azərbaycanda isə belə bir ehtiyac yoxdur. Ölkəmizdə yerli avtomobil istehsalı da mövcud deyil. Neftçaladakı olan zavod isə istehsal deyil, yığımdır. Orda çox az miqdarda – təqribən il ərzində 800-1000 arası avtomobil yığılır. Bu da dövlət ehtiyacları üçündür, demək olar ki, bazara çıxmır. Həmin avtomomobillər dövlət idarələri tərəfindən alınır və bu layihənin rentabelliyi sual altındadır. Ona görə də ümumilikdə Azərbaycana gətirilən avtomobillərlə bağlı yüksək gömrük rüsumlarının, aksiz dərəcələrinin tətbiqi məntiqsizdir”.

N.Cəfərli qeyd edib ki, hökumət bunu ekoloji məsələlərlə bağlamaq istəyirsə, məhz buna  görə belə addımlar atdığını söyləyirsə, yenə də anlaşılmazdır:

"Məsələn, dünya ölkələrində belə taktika var ki, hibrid, elektrik avtomobillərə sıfır rüsum, sıfır vergi, sıfır aksiz dərəcəsi tətbiq olunur. Bizdə isə burda da ayrım yoxdur. Hibridlə bağlı ümumiyyətlə heç bir dəyişiklik mövcud deyil. Elektriklə işləyən avtomobillərdə isə, 15 faizlik vergi tətbiq olunur. Azərbaycan hökuməti ekoloji məsələni önə çəkib bu addımı atırsa, heç olmasa ölkədə avtomobil bazarında , parkında yenilənməyə nail olmalıdır. Hibridlə, elektriklə işləyən avtomobillərə üstünlük verilməlidir, onlara təşviq siyasəti həyata keçirilməlidir ki, ekoloji problemlər aradan qalxsın, insanların bu cür avtomobillərə marağı yaransın. Bu zaman ümumiyyətlə gömrüklə əlaqəli problem olmayacaq – sıfır vergi dərəcəsi, gömrük rüsumu tətbiq ediləcəksə. 

İnsanlar sadəcə həmin növ avtomobilləri xaricdən alıb Azərbaycana gətirib rəsmiləşdirməyə pul ödəyəcəklər. Yəni nömrənin alınması, texniki sənədlərin rəsmiləşdirilməsi – bu da çox cüzi bir məbləğdir. Məsələni kökündən həll etmək üçün bu yanaşmaya ehtiyac var. Əgər gömrük keçid məntəqələrində avtomobillərlə bağlı yenidən rüşvət faktorları da baş verirsə - çünki bir ara bu məsələlər doğrudan da yığışdırılmışdı – bu, problemin daha da dərin olduğunu göstərir. Mütləq bu məsələlər ciddi araşdırılmalı və problemlər aradan qaldırılmalıdır. Çünki gömrük, vergi sahəsində şəffaflıq olmazsa, Azərbaycanda iqtisadi inkişaf da olmayacaq”.

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert  Elməddin Muradlı "Yeni Sabah”a danışarkən gömrük rüsumlarına yenidən baxılmasının tərəfdarı olduğunu deyib:

"Çünki bu günki qiymətlər heç də reallığı əks etdirmir. Nə qədər şəffaflıqdan danışılsa belə, avtomobil idxalı ilə bağlı hələ də problemlər qalır. Vətəndaşlar etiraz edirlər, haqlı olduqlarını sübut etməyə çalışırlar. Dövlət Gömrük Komitəsi isə özünə haqq qazandırmaq məqsədilə məlumat yayır, hər dəfə də mətbuat günahkar olur. 

Ölkə prezidenti dekabrın 27-də elektromobillərin, hibrid avtomobillərin ölkəyə gətirilməsini, eləcə də köhnə avtomobillərin istismarının yığışdırılmasını, avtomobil qarajının yenilənməsini stimullaşdırmaq üçün sərəncam verir, dövlət proqramı təsdiqləyir. Üç gündən sonra – yanvarın 1-i Gömrük Komitəsi rüsumları qaldırır. Bu nə deməkdir? Məlum məsələdir ki, köhnə avtomobilini 1000 manata satan adam gedib Gürcüstandan borcla-xərclə 3000 manata maşın alacaq, gətirib 5000 manat da Gömrük Komitəsinə verib onu burda qeydiyyatdan keçirmək məcburiyyətində qalacaq. Buna da onun imkanı yoxdur. Min manata köhnə maşınını satan adam uzaqbaşı 3 minə maşın ala bilər. Azərbaycanda  da 3 minə ancaq Rusiya istehsalı olan, 80-90-cı illərin maşınlarını almaq olar. 

Amma Gürcüstanda 3 minə Bakıda gördüyünüz ən gözəl maşınlardan birini ala bilərsiniz. Lakin o maşını Azərbaycana gətirəndə hansı qiymətə gəlib çıxır – bəla budur. 

Gürcüstan dünyanın o biri başında yerləşmir, havasında-suyunda qeyri-adi heç nə yoxdur. Gürcüstan enerji təhlükəsizliyi baxımından Azərbaycandan asılıdır, yanacağı, qazı bizdən alır, ərazisi bizdən 2-3 dəfəyə yaxın kiçikdir. Yaxşı, necə olur ki, bu maşın Gürcüstana 3 min manata gəlib çıxır.  

Təsəvvür edin, bu Avropadan, Asiyadan, digər ölkələrdən gəlib. Hələ gürcü bunun üstünə pul qoyub satır. Yaxşı, bu maşın niyə Azərbaycana 8-12 minə gəlib çıxır? Maşına qızıldan disk təkər qoyurlar, bəlkə sükanı dəyişib brilliant qaşlarla bəzəyirlər? Nə edirlər ki, bu maşın bu qədər bahalaşır? Gömrük Komitəsinin səlahiyyətli şəxsləri  bunu fikirləşsinlər”.

E.Muradlının sözlərinə görə, komitəyə müəyyən səlahiyyətlər də verilməlidir ki, tör-töküntü maşınları Azərbaycana buraxmasınlar:

"Onlara imkan yaratmaq lazımdır ki, sərhəddə həmin  calaq olunmuş, dəfələrlə aşmış, suda batmış maşınları yoxlaya bilsinlər. Yaponiyada, Amerikada baş verən sunamidə batan maşınlar bu gün Azərbaycanda sürülür. Maşınlar yolda getdiyi yerdə yanır. Niyə? Hamısı bunun nəticəsidir. Avropanın məşhur brendlərinin maşınları Azərbaycanda kiçik toqquşma nəticəsində parça-parça olur. Çünki Gürcüstanda onları calaq edirlər. Maşının arxası bir, qabağı da bir başqa maşına aiddir. Calaq edib üstünə boya vururlar, kosmetik dəyişiklik edib burda satırlar. Gömrük Komitəsi bunun qarşısını almalıdır ki, yeriyən tabutları Azərbaycana gətirməsinlər. İnsanlar məcburən gedib elə maşınlar gətirir. Çünki bahalı maşın gətirəndə komitə çox rüsum tələb edir. 

Hər il yanvarın 1-i gömrük rüsumlarını qaldırırlar. Məqsədləri nədir? Maşınların bunlara nə ziyanı var? Köhnə maşınların ixrac etdiyi zəhərli qazı gömrük işçilərinin özü də, ailə üzvləri də udur. Ətraf mühit çirklənirsə, deməli onlara da ziyanı var. Biz təzə maşınların gəlməsini, yenilənməyi istəyirik. Amma siz də puldan ötrü bunun qarşısını alırsınız. Baxırsan, 12-13 adda ödəniş növləri tapıb çıxarırlar. "Bir pəncərə” sistemini prezident tətbiq edib. Siz bunu 13 pəncərə sistemi etmisiniz. Ölkə prezidentinin  idxal edilən yeni avtomobillərlə bağlı göstərişi var. Ödənişlər bir yerdə həyata keçirilir, nömrə də alınır, qeydiyyat prosesi də aparılır və.s. Gömrük kalkulyatorunda hesablayırsan bir rəqəm çıxır, gedirsən orda başqa rəqəm deyirlər. Bunun izahını versinlər. 

Kalkulyatorda çıxan rəqəmlər belə bu günki reallığı əks etdirmir. Başa düşdük, 100-200 minlik maşına yüksək vergi tətbiq edirsən. İmkanlı adamdır, verəcək. Amma 30 minə qədər olan maşınlara imkan yaratmaq lazımdır ki, camaat salamat maşın gətirsin. Artıq 2015-ci ildən bu günə qədər ölkəyə gətirilən ikinci əl avtomobillərin sayı əvvəlki illərlə müqayisədə çox cüzidir. Təsəvvür edin, Bakıda elə bərkgedən avtosalonlar var ki, artıq xaricdən maşın gətirmir, elə yerli avtomobil satır. Çünki xaricdən maşın gətirmək sərf etmir, onlar ancaq gömrüyə işləyirlər. Əziyyət çəkib avtomobil seçirlər, ölkəyə gətirirlər, alıcılıq qabiliyyəti aşağı düşüb deyə ucuz qiymətə satırlar, ortada qazanan Gömrük Komitəsi olur. Bunlardan danışmaq lazımdır. Yoxsa formal bəyanat verməyə, iki gündən bir mətbuatı günahlandırmağa ehtiyac yoxdur”. 

Qeyd edək ki, ötən günlərdə mediada ölkəyə gətirilən avtomobillərin rəsmiləşdirilməsi üçün rüşvət tələb olunması ilə bağlı informasiya yayılmışdı. Yazıda bu haqda şikayət edən şəxs bildirirdi ki, onun Gürcüstandan 8160 manata aldığı maşının rəsmiləşməsi üçün 7500 manat pul tələb olunub. Dövlət Gömrük Komitəsi isə bu məlumatı  "iftira və böhtan dolu, həqiqətə uyğun olmayan məqalə” kimi qiymətləndirib.

Günay Rəsulqızı

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı