"Bizə heç bir tapşırıq gəlməyib ki, filankəsi efirə çıxarın və sonra qovun” - Qalmaqala reaksiya

img

16-04-2019 [14:32]


"Rüfət Axundov verilişdən qovulmayıb. Reklama keçəndə vaxtını keçdiyi üçün mahnı yarıda kəsilib, 4 dəqiqəyə yaxın Elmira xanımın mahnısını oxuyub. Reklamlara keçid olanda heç məndən də soruşmurlar, sözümü yarımçıq kəsib reklam verirlər. Belə hallar Zaurun verilişində o qədər olub ki. Verilişin aparıcısı kimi deyirəm ki, rəsmi olaraq heç kim qovulmayıb. Bizə heç bir tapşırıq gəlməyib ki, filankəsi efirə çıxarın və sonra qovun”.

Bu sözləri aparıcı və tanınmış prodüser Tarix Əliyev (Tolik) Rüfət Axundovun "Hər şey daxil” verilişindən qovulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. O, açıqlamada bildirib ki, yayılan məlumatlar yalandır:

"O qədər xalq artistinin efirdə mahnısı yarıda kəsilib ki... Rüfət Axundov efirə qoşulan Rəşad İlyasovun sözlərinə əsəbiləşdi və özü dedi ki, mən gedirəm. Bu, tamam başqa məsələdir, özü bilər. Əgər qovulmağı gözləyirdimsə, reklamda deyərdim ki, çıx get.

Rüfət Axundov özünü təkzib edir. O, iddia edir ki, Space kanalında "Hər səhər” verilişində yaşanan hadisə montajdır. O bildirdi ki, söyüş onun tərəfdən deyilməyib. Onun bu sözündən belə çıxdı ki, söyüşü o, yox, Rəşad İlyasov deyib”.

Tolik daha sonra bildirib ki, Rüfət Axundovu yenidən efirə dəvət edəcək:

"O, bundan sonra da bizim verilişlərdə iştirak edəcək. Niyə də gəlməsin? Əgər MTRŞ qadağa qoysaydı, Rüfəti çağırmazdıq. Lakin MTRŞ tövsiyə xarakterli açıqlama yayıb. Nazir Əbülfəs Qarayevin çıxışından sonra Afət Fərmanqızı da bütün kanallarda efirə çıxıb mahnı oxudu. Ona belə qadağa olunmadı.

Auditoriya üçün bu mövzu maraqlıdırsa, aparıcı kimi Rüfət Axundovu çağırıb istədiyim cavabı almalıyam. Bildiyiniz kimi, Rəşad İlyasovun verilişi 6 aylıq bağlanıb. Rüfəti ona görə çağırdım ki, gəlsin bu məsələyə tam aydınlıq gətirsin. Space kanalındakı hadisə 10 gün əvvəl baş verib. Rəşad İlyasov 10 gün ərzində çıxıb bir dəfə açıqlama vermədi. Dünən Rüfətin verilişə gələcəyi ilə bağlı yayılan anonslardan sonra axşam bir neçə sayta danışıb və hər şeyi etiraf edib”.

Qeyd edək ki, Milli Televizya və Radio Şurası müğənni Rüfət Axundovun "Hər səhər" verilişində işlətdiyi qeyri-etik ifadələrə görə efirlərdə iştirak etməsinə qadağa qoyub. Qadağaya baxmayaraq, bu gün Xəzər televiziyasında yayımlanan "Hər şey daxil" verilişində Rüfət Axundov qonaq olub. Ancaq verilişdə bir müddət sonra onun mahnısı kəsilib və reklama keçid olub. Bununla bağlı açıqlama verən MTRŞ-in Aparat rəhbəri Asəf Hacıyev isə söylədi ki, bununla bağlı dərhal tədbir görülüb və müğənni efirdən uzaqlaşdırılıb.

Xatırladaq ki, Rüfət Axundov efirdə qeyri-etik ifadə işlətdiyini inkar edərək videonun montaj olduğunu demişdi. Rəşad İlyasov isə dünən jurnalistlərə verdiyi açıqlamada səhvini etiraf edərək Azərbaycan xalqından üzr istəmişdi.

Publika.az

Digər xəbərlər
SON XƏBƏRLƏR