“Rusiya ilə əlaqələr həyatın, demək olar ki, bütün sahələrini əhatə edir" - İlham Əliyev

12-04-2019 [19:15]
"Azərbaycana xoş gəlmisiniz. Sizin səfərinizə çox şadam. Siz Azərbaycana belə geniştərkibli nümayəndə heyəti ilə gəlmisiniz. İlk növbədə, Sizi bu yaxınlarda qeyd edilən yubileyiniz münasibətilə şəxsən təbrik etmək istərdim. Mən Sizə təbrik məktubu göndərmişdim və bir daha şəxsən təbrik etmək, ən xoş arzularımı bildirmək və işinizdə uğurlar arzulamaq istərdim. Əlbəttə, biz çox şadıq ki, yubileydən az sonra Siz bizim ölkəmizi ziyarət edirsiniz. Biz bu səfərə çox böyük əhəmiyyət veririk”.

Mia.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı əmin olduğunu bildirib ki, bu, iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə təkan verəcək: "Əlaqələr çoxplanlıdır, həyatın, demək olar ki, bütün sahələrini əhatə edir və yaxşı dinamikaya malikdir. Biz siyasi sahədə fəal qarşılıqlı fəaliyyət göstəririk, iqtisadi potensialı artırırıq, uğurla həyata keçirilən iqtisadi, nəqliyyat, energetika sahələrində əməkdaşlıq üzrə bir neçə yol xəritəsi mövcuddur. Təsadüfi deyil ki, hər iki tərəf ölkələrimiz arasında münasibətləri strateji tərəfdaşlıq münasibətləri kimi dəyərləndirir”.

İkitərəfli münasibətlərin inkişafında humanitar sahənin xüsusi əhəmiyyət kəsb etdiyini bildirən Prezident İlham Əliyev bu işdə Bakı Humanitar Forumunun rolunu qeyd edib, təhsil, mədəniyyət, elm sahələrində sıx əlaqələrin mövcud olmasından məmnunluğunu bildirib.

 Dövlət başçısı Şimal-Cənub dəhlizi ilə bağlı birgə fəaliyyətin də iqtisadi əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını deyib. Prezident İlham Əliyev, eyni zamanda, parlamentlərarası əməkdaşlığın əlaqələrimizin inkişafına töhfə verdiyini vurğulayıb. Dövlət başçısı ikitərəfli münasibətlərimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.


SON XƏBƏRLƏR