Tanınmış tərcüməçi yazar taksi şirkətində işə başlamaq istəyir

12-04-2019 [13:06]
Neçə gün idi, üstünüzə sağlıq bir az naxoş idim, qripləmişdim. Evdə kompüterin qarşısında oturub, kitabları qabağıma töküb, Finlandiya, Nəsimi haqqında araşdırma aparır, feysbukda materiallar paylaşır, internet vasitəsilə iş axtarırdım.

Doğrusu, mənə uyğun iş demək olar yoxdur. Yəni elanlarda axtarılan işçilərin yaş həddi maksimum 45-dir, məndə isə artıq 52. İxtisaslar da əsasən mənimkinə uyğun deyil və maaşları çox azdır.

Məsələn, bir dənə də redaktor vakansiyası görmədim. Bir yerdə tərcüməçi gördüm, bir neçə dil bilməsi tələb olunur və yaşı da 40 qədər. Bir neçə jurnalist vakansiyasına rast gəldim ki, onlar da rusdilli və ingilis dilli saytlardır. Mənsə azərbaycan dilliyəm, ruscadan tərcümə edirəm, amma bu dildə zəif yazıram. İngiliscəm də orta səviyyə yaxındır və imkan olsa, inkişaf etdirə bilərəm.

Bunlar mənim ixtisasıma az-çox uyğun gələn işlərdir deyə yazdım. İxtisassız işlər də vardı. Məsələn, parkinq nəzarətçisi. Həftədə 6 gün olmaqla, hər gün 10 saat. Maaşı 400 manat. Yaş qırx beş. Bu maaş çox az, iş ağır olsa da, gedərdim. Düzdür, soyuq havada 10 saat küçədə dayanmaq mənim kimi şəkərli, revmatizmalı, infarkt adam üçün çox çətindir. Amma ailəm, balalarım, şərəfim üçün şəhid olmaqdan, iş başında ölməkdən qorxmuram. Di gəl ki, bunlarda da yaş həddi 45-dir. Adamlar ağıllıdır, eləsini götürmək istəyirlər ki, iş başıbda ölməsin.

Taksi şirkətlərinin əksəriyyəti maşınlı sürücü axtarır. Maşınlı sürücü axtaran başqaları da var. Amma mən maşınımı keçən il satmaq zorunda qaldım. Həm də mənim avtomobilim artıq köhnəlmişdi, taksiyə və digər işlərə o qədər də yararlı deyildi.

Axır ki, "mənə uyğun” bir iş tapdım. Taksi şirkəti 600 manat maaş müqabilində B kateqoriyalı sürücülər axtarır. Maşın özlərindən. Deyəsən müştərini də özləri verəcəklər. Ancaq bu barədə dəqiq yazmayıblar. Sürücüdən ancaq şəhəri tanımaq, müştərini mənzil başına çatdırmaq, maşını təmiz saxlamaq, intizamlı, mədəni olmaq tələb olunur. Bu keyfiyyətlər məndə var. Zəng vurdum göstərilən nömrəyə mənə ikinci bir nömrəyə zəng vurmağı söylədilər. İkinci nömrə açmadı. Yenidən 1-ciyə zəng vurdum, dedi ki, siz yaxşısı budur ofisə gəlin. Ünvanı soruşdum, dedi.

Sabah, Allah qoysa, gedəcəyəm. Çox da ümidli deyiləm, amma neyləyə bilərəm. Görək nə olur…

P. S. Xatırladım ki, mən azərbaycan dilinə 50-dən artıq kütab tərcümə eləmişəm. O kitablardan üçü Prezidentin sərəncamı ilə gerçəkləşən DƏK layihəsinə daxil edilib. Müəlliflər arasında dünyanın ən mürəkkəb böyük yazıçıları (Dostoyevski, Kortasar, Nabokov, Tomas Vulf, Z. Freyd, Drayzer, Bulqakov. Şedrin və s.) kitablar arasında dünya ədəbiyyatının ən mürəkkəb şedevr əsərləri var.
Hesab edirəm ki, dövlət bunu nəzərə alaraq ya mənə təqaüd verməli, ya ixtisasıma uyğun bir işlə təmin etməli, ya da mənim və digər yazı-pozu adamlarının öz profillərinə uyğun istehsal, biznes fəaliyyəti göstərmələrinə şərait yaratmalı, köməklik göstərməlidir. Məsələn, mənə köməklik olunsa, tərcümələrimi özüm çap edər, özüm sataram və heç kəsdən asılı da olmaram. Bu barədə vaxtilə cənab Prezidentə məktub ünvanlamış, amma cavab almamışam. Statuslarımda, yazılarımda illərdir bu haqda yazıram, bəzən saytlar da bunu işıqlandırıb. Əminəm ki, rəhbərliyin xəbəri var. Ancaq tədbir görülmür.

P. P. S. Taksiyə düzəlsəm, fəaliyyətim haqda mütəmadi reportajlar paylaşacaq, sizi darıxmağa qoymayacağam, əziz dostlar. Bilirəm ki, mənimlə çox maraqlanırsınız. Allah köməyiniz olsun!

Nadir QOCABƏYLİ


SON XƏBƏRLƏR