Marneulinin icra başçısı vəzifəsinə azərbaycanlı namizəd irəli sürüldü

img

11-04-2019 [14:55]


Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyası (VMHP) Marneuli rayonunun İcra Hakimiyyəti başçısı vəzifəsinə Aqil Mustafayevin namizədliyini rəsmən təqdim edib.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, Marneulidə keçirilmiş təqdimat mərasimində VMHP sədri Qriqol Vaşadze, partiyanın parlamentdəki deputatı Azər Süleymanov və digər şəxslər iştirak ediblər.

Marneuli sakinlərinin qarşısında çıxış edən Q.Vaşadze A.Mustafayevin rayonun icra başçısı vəzifəsinə ən layiqli namizəd olduğunu deyib: "Marneuli sakinləri milli mənsubiyyətindən asılı olmayaraq Gürcüstan vətəndaşları olmaları ilə fəxr edirlər. Rayona və bütün Gürcüstana əmin-amanlıq, bərabərlik və təhlükəsizlik lazımdır. Aqil Mustafayev kimi gənclər heç zaman Marneulinin yenidən korrupsiya və özbaşınalıq girdabına çevrilməsinə imkan verməyəcəklər”.

A.Süleymanov isə öz növbəsində Marneuli sakinlərinin dözülməz sosial vəziyyətdə yaşadığını bildirib: "Rayonda əhalinin böyük əksəriyyətinin kredit borcları var. Cinayət hallarının sayı artıb. Əl-ələ verib Marneulini və ölkəmizi bu durumdan bir yerdə xilas etməliyik”.

A.Mustafayev öz növbəsində Marneuliyə yeni nəfəs və yeni simanın lazım olduğunu bildirib: "İllər ötməsinə baxmayaraq, Marneulidə cinayət halları çoxalır, işsizlik səviyyəsi gündən-günə artır. Sizinlə birlikdə qarşıdan gələn seçkilərdə qalib gələcəyik. Qalib gəldikdən sonra hər zaman xalqın yanında olacağıq”.

A.Mustafayevin seçki kampaniyası üçün "Yeni nəsil. Yeni Marneuli” şüarı seçilib.

Qeyd edək ki, Marneulidə icra başçısı vəzifəsinə seçkilər mayın 19-da keçiriləcək. A.Mustafayevlə yanaşı seçkilərdə hakim Gürcü Arzusu Partiyasından Zaur Darğallı, müxalif Avropalı Gürcüstan Partiyasından Əhməd İmamquliyev də mübarizə aparacaq. Müstəqil namizəd - Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının təsisçisi Əli Bədirovun da seçkilərə qatılacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR