Prezident İlham Əliyev Əhməd bəy Ağaoğlu ilə bağlı sərəncam imzaladı

img

10-04-2019 [17:36]


Prezident İlham Əliyev Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncam Azərbaycan ictimai fikri tarixində dərin iz qoymuş mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədi daşıyır. 

Sərəncamla Azərbaycan Milli Elmlər Akademiyası Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi ilə birlikdə görkəmli ictimai xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Sərəncamda bildirilir ki, 2019-cu ildə Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun (Əhməd bəy Mirzə Həsən oğlu Ağayevin) anadan olmasının 150 illiyi tamam olur.

Əhməd bəy Ağaoğlu ötən əsrin əvvəllərindən etibarən Azərbaycanda və onun hüdudlarından kənarda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə fəal iştirak etmiş və milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınmışdır. Ümumxalq mənafeyinin qorunması naminə çoxşaxəli, gərgin və məhsuldar fəaliyyəti ərzində o, parlaq bədii-publisistik və dolğun elmi-nəzəri irs yaratmış, Azərbaycanın ədəbi-mədəni və sosial-fəlsəfi fikir xəzinəsinin yeni ideya və konsepsiyalarla daha da zənginləşməsində diqqətəlayiq xidmətlər göstərmişdir. Əhməd bəy Ağaoğlunun ictimai problemləri mənəvi-əxlaqi aspektdə işıqlandıran, cəmiyyəti tərəqqiyə doğru yönəlməyə və qabaqcıl dünya mədəniyyətindən bəhrələnməklə yeniləşməyə çağıran geniş mövzu dairəsinə malik dərin məzmunlu əsərləri Azərbaycan maarifçiliyinə mühüm töhfədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR