Gürcüstan parlamenti buraxılış imtahanlarının ləğvini təsdiqləyib

08-04-2019 [15:35]
Gürcüstan parlamenti üçüncü oxunuşda hökumətin orta məktəblərdə buraxılış imtahanlarının ləğvi ilə bağlı təşəbbüsünü dəstəkləyib.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, 80 deputat qanun layihəsinin lehinə, 8-i isə əleyhinə səs verib.

Qeyd edək ki, qanun layihəsi üzrə səsvermə aprelin 5-də keçirilsə də, onun təsdiq olunması üçün səslər yetərli olmayıb.

Xatırladaq ki, Gürcüstanda orta məktəblərdə buraxılış imtahanları 11 və 12-ci siniflərdə keçirilirdi. "Ümumi təhsil haqqında” qanunun qüvvəyə minməsindən sonra attestat almaq üçün şagirdlər bütün fənnlər üzrə 10 ballıq sistem üzrə 5 baldan çox qiymət almalıdırlar. Əvvəlki illərdə buraxılış imtahanlarından kəsilən şagirdlər də bütün fənnlərdən 5-dən çox bal qazanıblarsa, attestat ala biləcəklər. 


SON XƏBƏRLƏR