Qubada 4 maskalı şəxs evə basqın etdi - DİN təfərrüatları yaydı

08-04-2019 [12:17]
Aprelin 1-də saat 1 radələrində Quba rayonunun 1-ci Nügədi kəndindəki evlərdən birinə girmiş 4 maskalı şəxsin ev sahibinin əllərini və ağzını yapışqanlı lentlə bağlayaraq döyüb oradan 13.600 manat pul və mobil telefon aparması barədə DİN-in "102 - Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub.

DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, dərhal Quba RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanmışdır. 
Baş Cinayət Axtarışı və Baş İnformasiya Kommunikasiya idarələri, Təhlükəsiz Şəhər Xidməti və Quba RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş H.Hətəmov və Z.İsmayılov saxlanılmış, daha 3 nəfərin isə şəxsiyyətləri müəyyən edilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri aparılır.


SON XƏBƏRLƏR