Səbail Polis İdarəsinin təcridxana rəisi məhkəmədə dindirilib

img

08-04-2019 [12:02]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Zakir Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Səbail Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasının rəisi Fuad Süleymanov ifadə verib.

Məhkəmədə elan olunub ki, F.Süleymanov müdadçiəçi tərəfin vəsatəti əsasında əlavə şahid qismində məhkəməyə dəvət edilib.

Sualları cavablandıran F.Süleymanov qeyd edib ki, iş üzrə adı şahid qismində keçən Elvar Xəlilov 2017-ci ildə Səbail Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasında saxlanılıb: "O, telefon vasitəsi ilə mənim yanımda yaxınları ilə danışırdı. Kimlərlə nə danışdığını tam xatırlamıram. Deyəsən pul söhbəti barədə danışırdı. Yəni dəymiş zərərlərin qaytarılmasını deyirdi. Mən onun danışıqlarını dinləyirdim. Elvar Xəlilov Zakir Məmmədovla orada görüşüb. İstintaqın rəisi də onların yanında olub. Elvar dəymiş zərəri ödəyib, azadlığa çıxmaq istəyirdi. Zakirin gəlişinin məqsədi də ziyanla bağlı idi".

O bildirib ki, Z.Məmmədov polis əməkdaşı olduğu üçün onun adını siyahıya salmayıb: "Həmçinin Elvar müvəqqəti saxlama təcridxanasında pul barədə bacısı ilə də danışıb".

Təqsirləndirilən Z.Məmmədov E.Xəlilovdan pul almadığını söyləyib: "Mən onun pulundan bir qəpik də götürməmişəm. Pulu Elvarın arvadı ilə birgə müstəntiq Vüqara vermişik".

Daha sonra Z.Məmmədovun vəkili vəsatət qaldırıb. O, Səbail Rayon Polis İdarəsinin keçmiş rəisi, hazırda İsmayıllı Rayon Polis Şöbəsinin rəisi Şəmşir Kazımovun məhkəmədə dindirilməsini istəyib.

Vəsatət təmin edilməyib.

Məhkəmənin növbəti iclasl aprelin 15-nə təyin edilib.

İttiham aktına əsasən, Z.Məmmədov Qaradağ Rayon Polis İdarəsində işləyən zaman tanışı, həmin zaman həbsdə olan Elvar Xəlilov ona zəng edib. E.Xəlilov zəng edən zaman həyat yoldaşından 4 min manat pulu götürərək, onunla birgə aparıb Səbail Rayon Polis İdarəsinin sabiq müstəntiqi Vüqar Abbasova verməsini xahiş edib. Z.Məmmədov da onun xahişini yerinə yetirib.

Bir müddət keçəndən sonra V.Abbasov iş adamı, "Yeganə" şadlıq sarayının rəhbəri Akif Rəhimovun qəza törətmiş oğlu Rəhim Rəhimovun cinayət işi ilə bağlı vəzifəsindən kənarlaşdırılıb. Daha sonra o, ölkədən qaçıb.

E.Xəlilov həbsdən çıxandan sonra Z.Məmmədovdan hüquq-mühafizə orqanlarına şikayət edib.

Z.Məmmədovun barəsində dələduzluq və rüşvətə təhrik etmə maddələri ilə cinayət işi başlanılıb. Məhkəmə qərarı ilə onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

E.Xəlilov iş üzrə şahid qismində tanınır.

Digər xəbərlər
SON XƏBƏRLƏR