Ali Məhkəmə islahatlar üçün komissiya yaratdı - Ramiz Rzayev müşavirə keçirdi

05-04-2019 [15:15]

Ölkə Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanından irəli gələn vəzifələrin icrasının təşkili ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri Ramiz Rzayevin sədriliyi iləgeniş müşavirə keçirilib.

Müzakirələrdə ölkə başçısının rəhbərliyi ilə aparılan islahatlar çərçivəsində məhkəmə sisteminin inkişafı üzrə bir çox mühüm tədbirlərin həyata keçirildiyi, o cümlədən qanunvericiliyin təkmilləşdirildiyi, xüsusi dövlət proqramlarının qəbul edildiyi, ədalət mühakiməsinə əlçatanlığın asanlaşdığı, məhkəmə və ədliyyə infrastrukturunun müasirləşdirildiyi, məhkəmə-hüquq sistemində kompleks tədbirlərin həyata keçirilməsi ilə bağlı işlərin yerinə yetirildiyi qeyd edilib.

Bildirilib ki, dövlət başçısı yeni fərmanla bu sahədə islahatların dərinləşdirilməsi, məhkəmələrə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılmasının yeni mərhələdə müasir çağırışlara uyğun və sistemli davam etdirilməsi, məhkəmə sisteminin gələcək inkişafı üçün strateji prioritetləri müəyyən edib.

Fərmanın icrası ilə bağlı Ali Məhkəmənin sədri tərəfindən 4 aprel 2019-cu il tarixli müvafiq əmr imzalanıb və xüsusi komissiya yaradılıb.

Kommissiya tərəfindən fərmandan irəli gələn məslələrin icrası ilə bağlı tədbirlər planı işlənib hazırlanmış və təxirə salınmadan həyata keçirilməsinə başlanıb.




SON XƏBƏRLƏR