“Məmurlarla sövdələşən vəkillərə qarşı ən sərt tədbirlər görəcəyik” - Vəkillər Kollegiyasının sədri

04-04-2019 [15:05]

Prezident İlham Əliyev məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb.

Fərmanda bütün məhkəmələrin sədrlərinə və hakimlərinə məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etmələri tövsiyə edilir.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov Modern.az-a bildirib ki, fərman məhkəmə-hüquq sistemindəki neqativ halların, bürokratik əngəllərin aradan qaldırılmasında müstəsna rol oynayacaq:

"Fərmanın icrası nəticəsində müstəqil, obyektiv, ələalınmaz, şəffaf məhkəmə-hüquq sisteminin fəaliyyəti təmin olunacaq. Məhkəmə-hüquq sisteminin modernləşdirilməsi, təkmilləşdirilməsi fərmanda xüsusi yer alıb. Fərman bütün mövcud çatışmazlıqların, problemlərin aradan qaldırılması üçün yol xəritəsidir. Bütün bu problemlər vaxtaşırı cəmiyyətdə məhkəmələrə inamsızlıq yaradır, müəyyən şikayətlərə səbəb olur. Mən əminəm ki, proqram xarakterli sənəddəki tapşırıqlar icra olunduqdan sonra bir çox çatışmazlıqlar aradan qalxacaq. Eyni zamanda, ictimai şüurda ədalət mühakiməsinə olan münasibət pozitiv şəkildə artacaq. Həmçinin, hakimlərin, məhkəmə əməkdaşlarının maliyyə-sosial təminatı yaxşılaşacaq, ümumiyyətlə məhkəmə-hüquq infrastrukturu güclənəcək”.

A.Bağırovun sözlərinə görə, fərmanda gələcəkdə sahibkarların işlərilə bağlı, eyni zamanda fiskal məsələlər, vergi, gömrüklə bağlı ixtisaslaşdırılmış məhkəmə sisteminin yaradılması nəzərdə tutulur:

"Məhkəmə qərarlarının icrası ilə bağlı beynəlxalq qabaqcıl təcrübənin öyrənilməsi də gündəmdədir. Həmçinin, elektron məhkəmə sisteminin genişləndirilməsi, bütün məhkəmə qərarlarının dərci, məhkəmə proseslərinin audiyazısının qeydə alınması, hüquqşünasların, hakimlərin, vəkillərin peşə hazırlığının artırılması üçün Ədliyyə Akademiyasının fəaliyyətinin, məhkəmə ekspertizasının göstərdiyi xidmətlərin təkmilləşdirilməsi və alternativ qaydada bu xidmətlərin göstərilməsinin təşkili nəzərdə tutub”.

Kollegiya sədri qeyd edib ki, neqativ hallar daha çox dövlət hesabına təyin olunan vəkillərlə bağlıdır:

"Dövlət hesabına hüquqi yardımın göstərilməsilə bağlı məsələlər xüsusi əhəmiyyətlidir. Fərmanla Nazirlər Kabinetinə tapşırılıb ki, bu məqsədlər üçün vəsaitlər Vəkillər Kollegiyasına ayrılsın. Beləliklə, gələcək üçün xərclərin proqnozlaşdırılması, mərkəzləşdirilmiş uçotun aparılması məqsədilə Vəkillər Kollegiyasına həvalə olunan bu iş böyük etimaddır. Mən əminəm ki, aztəmiantlı şəxslərə dövlət tərəfindən göstərilən hüquqi yardım daha keyfiyyətli, daha səmərəli olacaq. İndiyədək bu sahədə böyük problemlər vardı. Vəkillər bir çox hallarda göstərdikləri hüquqi yardıma görə ayrılan vəsaiti ala bilmirdilər, süründürməçilik halları vardı. O vəsait yerli icra hakimiyyəti orqanlarından ayrılsa da, təyinatı üzrə istifadə edilmirdi. Bir sözlə bu sahədə həddindən çox neqativ hallar vardı. Vəsait Vəkillər Kollegiyasına ayrılandan sonra biz çalışacağıq ki, indiyədək mövcud olan problemlər aradan qalxsın. Vəkil dostlarımız bu fərmandan çox məmnundur, sevinirlər. Bu gün səhər Vəkillər Kollegiyasının iclasında da fərmanda göstərilən məsələləri geniş müzakirə etdik”.

A.Bağırov həmçinin bu fərmanın icrasından sonra heç kimə güzəşt edilməyəcəyini vurğulayıb:

"Fərmanda Vəkillər Kollegiyasına ünvanlanan tövsiyə var. Bildirilir ki, vəkillərin hakimlərlə və cinayət tərkibi həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətlərinin qarşısının alınması üçün tədbirlər gücləndirilməlidir. Biz bəyan edirik ki, bu cür hallara qarşı barışmaz mövqedən çıxış edəcəyik. Vəkillər qəti şəkildə korrupsiya, neqativ hallarla bağlı məsələlərdə iştirak etməməlidirlər. Biz bu kimi hallara çox rast gəlirik. Cəmiyyətdə də mənfi fikirlər səslənir. Vəkil birmənalı şəkildə korrupsiya əməlində vasitəçi rolunda çıxış edə bilməz. Biz bununla sərt mübarizə aparacağıq. Heç kimin də buna şübhəsi olmasın. Vəkil keyfiyyətli və qanuna söykənən hüquqi yardım göstərməlidir. Hər hansı məmurla qeyri-prosessual münasibətlərə girməməlidir. Biz belə hallarda ən sərt tədbirlər görəcəyik. Belə hal aşkarlanarsa, həm şəxsin vəkillik fəaliyyətinə xitam veriləcək, həm də materialları aidiyyatı qurumlara göndəriləcək. Hesab edirik ki, fərman ölkədə vəkillik peşəsinin nüfuzunun artırılmasına təkan verəcək”.




SON XƏBƏRLƏR