“525-ci qəzet”, "Reytinq", “Şərq”... - Bəziləri dövrülüyünü azaltdı...

img

01-04-2019 [19:44]


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin şərtləri ilə əlaqədar bir sıra qəzetlərin dövriliyi dəyişəcək, bəzi qəzetlər fəaliyyətini dayandıracaq.

Gündəlik nəşr olunan "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid ONA-ya açıqlamasında deyib ki, qəzeti həftədə 2 dəfə - çərşənbə və şənbə günləri A3 formatında 24 səhifə olmaqla, nəşr etməyi düşünürlər.

R. Məcid KİVDF-nin maliyyə dəstəyi olarsa, qəzeti rəngli formatda buraxmağı planlaşdırdıqlarını bildirib. Buna uyğun da maliyyə müsabiqəsində iştirak etmək üçün KİVDF-yə müraciət olunacaq.

Digər gündəlik nəşr edilən "Şərq” qəzetindən bildirilib ki, qəzet günaşrı, yəni həftədə 3 dəfə çap ediləcək.

Gündəlik nəşr olunan "Unikal” qəzetinin baş redaktoru Asəf  Rzayev ONA-ya açıqlamasında qəzetin həftəlik nəşr edilməsinə qərar verdiklərini söyləyib. Artıq bununla bağlı layihə də KİVDF-yə təqdim olunub. A. Rzayev qeyd edib ki, unikal.org saytı və qəzetin gündəlik nəşri çətinlik yaradır: "İnanırıq ki, həftəlik nəşr olunacaq "Unikal” qəzetinin satışı KİVDF-nin həftəlik qəzetlər üçün müəyyənləşdirdiyi tələblərə cavab verəcək”.

"Bizim yol” qəzetinin həftəlik nəşr kimi fəaliyyətini davam etdirməsi gözlənilir. İlin əvvəlindən fəaliyyətini dayandırmış "Eksperess” qəzeti isə KİVDF-nin yeni müsabiqəsinə layihə təqdim etməyib.

Həftəlik nəşr olunan "Reytinq” qəzetinin də çap versiya nəşr olunmayacaq.

 Qəzetin baş redaktoru Afiq Mirzəbəyli ONA-ya bildirib ki, KİVDF-nin müsabiqə şərtləri qanaətbəxş olmadığı üçün qəzetin çap versiyasını dayandırmaq qərarına gəliblər. Bununla belə, "Reytinq” onlayn formada fəaliyyətini davam etdirəcək. Baş redaktor gələcəkdə KİVDF tərəfindən onlayn media ilə bağlı müsabiqə elan olunarsa, həmin müsabiqələrdə iştirak edəcəklər.

"Ədalət” qəzetinin dövriyyəni azaldacağı barədə yayılan məlumatlar isə təsdiqini tapmayıb. Qəzetin təsisçisi Aqil Abbas ONA-ya deyib ki, KİVDF-nin yeni şərtlərinə cavab verən qəzet gündəlik nəşrini davam etdirəcək.

Həftəlik "Türküstan” qəzeti də bağlanmayacaq. 

Qəzetin baş redaktoru  Aqil Camal ONA-ya bildirib ki, həftəlik nəşr olaraq fəaliyyətlərini davam etdirmək niyyətindədirlər və KİVDF-nin elan etdiyi yeni müsabiqəyə də layihə təqdim edilib. Onun sözlərinə görə, "Türküstan” qəzeti indiyə qədər də rəngli çap olunub: "İnanırıq ki, qəzet həftədə 24 səhifə, 2500 tiraj, ən azı 1500 satış və ya abunə şərtinə cavab verəcək. Sənədlərimizi təqdim etmişik, ümid edirik ki, "Türküstan”a dəstək davam etdiriləcək”.

"Yeni Müsavat”, "Səs”, "Bakı-xəbər”, "Kaspi”, "Kaspiy”, "Xalq Cəbhəsi” qəzetləri isə gündəlik nəşrlərini davam etdirəcək.

Qeyd edək ki, martın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.

Müsabiqənin şərtlərinə əsasən, müsabiqədə son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər, xarici dillərdə nəşr olunan gündəlik və həftəlik, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 3000-dən az olmayan, hər buraxılışından ən azı 1500 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilər. Eyni zamanda son üç ildə müntəzəm nəşr olunan, müsabiqə elan olunan günədək Fondun maliyyələşmə şərtlərini yerinə yetirən, səhifələrinin sayı 24-dən (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan həftəlik, o cümlədən gündəlik qəzetlərə irəli sürülən tələblər çərçivəsində fəaliyyətini davam etdirə bilmədiyinə görə həftəlik nəşr olunacaq ictimai-siyasi qəzetlər müsabiqəyə qatıla bilər. Elanda qeyd olunub ki, 2019-cu il aprelin 1-dən bu formatda çıxan qəzetlərin yalnız mətbəə xərcləri (kağız və çap xərcləri) Fond tərəfindən ödəniləcək. 2019-cu il aprel-may ayının yekun hesabatına əsasən qeyd olunan şərtlərə əməl etməyən qəzetlərin mətbəə xərclərinin ödənişi dayandırılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR