“Ərdoğan bütün uğurlarını hikkəsinə qurban verir..." - Şərh

01-04-2019 [16:42]
"Ərdoğan 17 illik hakimiyyətinin ən böyük acısını daddı. Ankara, İstanbul, İzmir, Adana, Çanaqqala, Əskişəhər kimi iri və sənaye şəhərlərində AKP məğlub oldu. Ən əsası isə odur ki, Ərdoğanın "varis planı” fiaskoya uğradı”. 

Mia.az xəbər verir ki, bunu Türkiyədəki bələdiyyə seçkilərinin nəticələrini analiz edən siyasi şərhçi Azər Rəşidoğlu bildirib. 

O, qeyd edib ki, artıq Binəli Yıldırımı varis kimi ictimai rəyə sırımaq mümkün olmayacaq. 

"Ərdoğan bütün uğurlarını hikkəsinə qurban verir. Vaxtında AKP-ni yeniləməli, partiyanın "boz kordinalı” olan Numan Kurtulmuşu sədr seçdirməli idi, onsuz da partiya RTE-nin barmağının işarəsi ilə idarə edilir. Bu seçki onu deməyə əsas verir ki, Ərdoğan üçün yolun sonu görünür. Baxmayaraq ki, ümumi nəticələrə görə AKP öndədir, strateji planda Ərdoğan ağır zərbə aldı və qarşıda onu və komandasını "qara zolaq” gözləyir”.

A. Rəşidoğlunun fikrincə bu mərhələdə ABŞ Türkiyəni küncə sıxacaq və ictimai rəy Ərdoğanın əleyhinə işləməkdə davam edəcək: "Türkiyə seçicisi eyni simanı 17 il görməkdən bezib. Eyni şüarları eşitmək insanları təngə gətirib. Daimi mühərrik olmadığı kimi, daimi qələbə də olmur. Qayıda bilmək üçün, vaxtında getmək gərəkir. Ərdoğan bunu edə bilmədi. "Varis planı”nda da ciddi yanlışlığa yol verdi.

Binəli Yıldırım kimi müti icraçı əvəzinə Kurtulmuş kimi intellektual sima seçilməli idi. Ərdoğan getməlidir. Qalib kimi. Seçkidə uduzub getmək ən böyük qələbədir. Ərdoğan şəqrli cığallığından əl çəkə bilmir. Hikkəsi onu fiaskoya yaxınlaşdırır. O, komandasını deyil, özünün qürurunu düşünür. Siyasətçi üçün yanlış seçimdir. Romantikliyi də onu məhvə sürükləyir. Xəyalını qurduğu siyasət bir utopiyadır. Bunu anlamaq lazımdı. 

AKP-ni qələbəyə daşıyan komanda üzvlərinin çoxunun kəlləsini alan Ərdoğan üçün artıq asan olmayacaq. Birlikdə çətin sınaqlardan çıxdığı yol qardaşlarını Ərdoğan qurban verdi. Gənc ikən birlikdə olduqları insanların üzərindən xətt çəkən Ərdoğan Nikkolo Makiavellinin öyrətdiklərini həyata keçirtdi. Uğurları da az olmadı. Amma həmişə qalib gəlmək mümkün deyil. RTE üçün ağır sınaqlar başlayır”.


SON XƏBƏRLƏR