Siyavuş Novruzov Əli Nağıyevə ismarıc göndərdi: "Bu, ona partiya üzvlərini təhqir etmək imtiyazı vermir"

img

30-03-2019 [16:35]


Milli Məclisinİctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri, YAP İcra Katibinin müavini Siyavuş Novruzov  hakim partiyanın rəsmi portalında (Yap.org.az) "YAP Ulu Öndər tərəfindən əsası qoyulan şərəfli yol ilə gedir, uğur da onunla birgə addımlayır" başlıqlı məqalə yazıb.

Mia.az bildirir ki, o, məqaləsində 1992-ci ilin oktyabrında "91- lərin” Heydər Əliyevə müraciəti yayıldıqdan sonra, AXC – Musavat cütlüyünün Naxçıvanda çevriliş etmək fikrinə düşdüyünü qeyd edib: 

"Öz potensiallarını işğal altındakı Dağlıq Qarabağın azad olunmasına sərf etmək yerinə, onlar hətta, Naxçıvana quru yolla daxil olmaq üçün Türkiyədəki bəzi dairələr ilə danışıqlar aparırdılar. Bütün bu uğursuz cəhdlərin əks - təsir göstərdiyini və YAP-a olan ümumxalq inamının daha da gücləndiyini görən o zamanın baş naziri Pənah Hüseyn diğər siyasi qurumları deyil, məhz YAP-ı ana müxalifət elan etmək məcburiyyətində qaldı.

Partiya hakimiyyətə gəldikdən sonra da, müəyyən dairələr ondan öz mənafeyi üçün istifadə etməyə cəhdlər göstərdi. Çünki, məlum həqiqətdir ki, bir siyasi qurum hakimiyyətdə olan zaman həm müxtəlif maraq daşıyıcıları, bəzi hallarda isə karyeristlər üçün də cəlbedici olur. Onlar partiyanın imkan və təsir gücündən faydalanmaq, daha sonra isə onu bölmək və ya onun bazası əsasında özünə partiya yaratmaq fikrinə düşdülər. Lalə Şövkət Hacıyeva, Rəsul Quliyev, 2001-ci ildən sonra isə Əli İnsanov və digərləri bu tip uğursuz cəhdlər göstərdilər. Lakin tarix sübut etdi ki, bütün bu cəhdlər əbəsdir və yel qayadan heç nə aparmır".

YAP-ın tarixi, onun üzvləri, partiyada aparılan işlər haqda məlumat verən S.Novruzov daha sonra son vaxtlar YAP-a yönəlik sərt ittihamlar səsləndirən sabiq nazir Əli Nağıyevə dolayı mesaj verib: "Hazırda təəssüflər olsun ki, on illərdir partiya fəaliyyəti ilə bağlılığı demək olar ki kəsilmiş bəzi şəxslərin onun çoxminlik üzvləri haqqında xoşagəlməz fikirlər səsləndirməsi, hətta təhqirə yol verməsi qətiyyən yolverilməz hadisədir və hər bir kəsin ləyaqətinə toxunur. Kimin nə vaxtsa hansısa xidməti göstərməsi bu gün ona partiyanın yüz minlərlə üzvünü təhqir etmək imtiyazı vermir. Həm də maraqlısı odur ki, son dövrlər bəzi şəxslər özlərini cəmiyyətə gah "91-lər”in nümayəndəsi, gah da "partiyanın qurucularından” biri kimi təqdim edirlər. Bu kimilərinə bir daha xatırlatmaq lazımdır - YAP-ın bir tək banisi və yeganə qurucusu var və bu şəxs Ümummilli Lider Heydər Əliyevdir. Qalanları isə onun şəxsiyyəti və ideyaları işığına toplaşanlardır. 

Bəzilərinin bu müqəddəs yolu yarımçıq qoymasına, bəziləri öz şəxsi ambisiyalarına qurban gedib yarı yolda qalmasına rəğmən, bu yol əbədidir, daimidir və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin simasında layiqli rəhbərə malikdir. Bu partiya Vətəni, Milləti sevən, onun tərəqqisinə çalışan insanların birləşdiyi siyasi təşkilatdır və aydın məsələdir ki, kimsənin şəxsi mənafeyinə xidmət etmir.

Yekunda qürur hissi ilə qeyd etmək istərdim ki, kimlərinsə qərəzindən, subyektiv rəylərindən asılı olmayaraq, YAP Ulu Öndər tərəfindən əsası qoyulan şərəfli yol ilə gedir və uğur da onunla birgə addımlayır. Gələcək isə bu yolda inamla, səmimiyyətlə, sədaqətlə və cəsarətlə addımlayanlarındır".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR