"Sahibkarlar, obyekt sahibləri pul qazanmaqla yanaşı..." - YAP Siyasi Şurasının üzvü

29-03-2019 [18:19]
"Bu gün cəmiyyətdə statusundan asılı olmayaraq hər bir vətəndaşımız dövlətin diqqət və qayğısını öz həyatında hiss edir. Təbii ki, bu qayğı günbəgün artır, dövlət hər bir vətəndaşının probleminə daha həssas şəkildə yanaşır və onu həll edir. Xüsusilə bu ilin əvvəlindən başlayaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə sosial sferada həyata keçirilən islahatlar, imzalanan fərman və sərəncamlar bunu bir daha təsdiq edir. Ölkəmizin başçısı bölgələrə səfərləri zamanı sakinlərlə görüşür, onların problem və qayğılarını öz dillərindən eşidir və ən yüksək səviyyədə həllinə çalışır. Bu və digər mühüm məqamlar həyata keçirilən uğurlu sosial siyasətin nəticəsidir".

Bu fikirləri Mia.az-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Baş redaktor qeyd edib ki, bu günlərdə Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə bağlı Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə ölkə başçısının çıxışı bir daha onu sübut edir ki, dövlət hər zaman öz vətəndaşının yanındadır. Prezident əsl liderlik nümunəsi göstərərək yanğın zamanı ziyan çəkmiş sahibkarlara dövlətin dəstək olacağını vurğuladı: "Onlar öz iş yerlərini, öz əmlakını itiriblər. Onlara maddi ziyan dəyib. Bəziləri borc alıb və orada malları satışa çıxarıblar. Ona görə, əlbəttə ki, biz bu insanlara dövlət olaraq öz dəstəyimizi göstərəcəyik”. Prezidentin bu sözləri yanğın zamanı böyük ziyan görmüş sahibkarların narahatlıqlarına son qoydu".

"İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, baş vermiş hadisədən nəticə çıxarmaq, təhlükəsizlik və sığorta sahəsindəki boşluqları aradan qaldırmaq lazımdır: "Bu gün müxtəlif sahələrdə, xüsusilə biznes sektorunda sığorta maarifləndirilməsinə ciddi ehtiyac var. Bəzi hallarda bu, hətta məcburi xarakter daşımalıdır. Bu mənada hər bir sahibkar öz biznesini, malını, mülkünü sığortalamalıdır. Bununla da o, baş verə biləcək bu kimi bədbəxt hadisələrdən daha az zərərlə çıxa bilər. Digər tərəfdən, təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə görülməlidir. Sahibkarlar, obyekt sahibləri pul qazanmaqla yanaşı, öz sosial məsuliyyətlərini də dərk etməli, təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirməlidirlər. Dövlət başçısı müşavirədə çıxışı zamanı bu məsələlərə toxunub, ölkəmizdə sığorta sahəsində boşluqların olduğunu bildirib, sahibkarlara məsləhət görüb ki, öz əmlaklarını sığortalasınlar. Belə olan halda onlar tam əmin ola bilərlər ki, bədbəxt hadisə baş verdikdə əmlakları batmayacaq".

V.Rəhimzadə əlavə edib ki, sahibkarlar bir daha gördülər ki, dövlət onların yanındadır, onların sərbəst, rahat, şəffaf və qanunun tələblərinə uyğun şəkildə fəaliyyətlərinə dəstəkdir: "Ölkə rəhbərliyinin bu yanaşması isə vətəndaşın dövlətə inamını artırır, xalq-iqtidar birliyini daha da möhkəmləndirir".


SON XƏBƏRLƏR