"Bilmirəm orada NRYTN-dən, "Azərpoçt" rəhbərliyindən kimsə olubmu?"

28-03-2019 [15:27]
Osman GÜNDÜZ,
Multimedia Mərkəzinin rəhbəri

***

Bu gün "Azərpoçt"un 142 saylı Poçt Şöbəsində ("Xalqlar dostluğu" metrosu yaxınlığında) oldum. Aliexpress-dən sifariş etdiyim bağlamanı almalıydım. 

Gərək getməyəydim, peşman oldum.

Mən elə bilirdim, rəqəmsallaşmada yalnız regionlarla Bakı arasında ciddi informasiya bərabərsizliyi var.

142 saylı Poçt şöbəsindəki vəziyyəti görəndə səhv düşündüyümü anladım. Regionların bəzi poçtlarında vəziyyət buradan qat-qat yaxşıdır. 

Bilmirəm orada NRYTN-dən, Azərpoçt rəhbərliyindən kimsə olubmu ? 

Lap 30-40 il əvvəl poçtu necə görmüşdümsə buradakı vəziyyət eynidir.  Heç bir avtomatlaşdırmadan, rəqəmsallaşmadan, müasir standartlardan söhbət gedə bilməz.  Nəinki rəqəmsallaşma, ümumiyyətlə, bağlama şöbəsində mən heç bir dənə də olsa kompüter görə bilmədim. Yalnız meşoklar, əllə doldurulan formalar, şəraitsizlik və s. Oflayn bir mühit.

Ötən il Azərbaycanda poçt rabitəsinin yaradılmasının 200 ili tamam olub.  Baxdim ki bu keçən zaman ərzində bu şöbədə elə də ciddi dəyişiklik olmayıb.

Nə isə. Mənim bağlamam tapılmadı. Hansı ki, Aliexpress –in kodu ilə izləyəndə göstərirdi ki, çoxdan ölkədədir.  

Özüm birtəhər Azərpoçta zəng edib dəqiqləşdirdim ki, sən demə mənə verilən kodla olan bağlama səhvən Masazır poşt şöbəsinə gedib... 

Poçtun işçisi onlardan xahiş etdi ki 142-yə yönəltsinlər.

Maraqlandım ki, bu necə baş verə bilər axı ?

Məlum oldu ki Poçt Daşıma Mərkəzinə daxil olan bağlamalar Gömrükdən təhvil alınandan sonra necə gəldi meşoklara doldurulur və üstünə də hansısa poçt şöbəsinin ünvanı yazılır və həmin şöbələrə də yola salınır. Hər hansı rəqəmsallaşmadan, avtomatlaşmadan söhbət gedə bilməz.

Baxdım ki elə getdiyim 142 saylı Poçt şöbəsində səhvən gələn, başqa poçt şöbələrinin ərazilərinə göndərilməli olan bir MEŞOK bağlama var və sahiblərini gözləyir. Elə bunu ictimailəşdirməyimin də əsas səbəbi məhz bu fakt oldu.

Sadəcə biabırçılıq.

İki il bundan öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ŞƏBƏKƏ Mərkəzi yaradıb. Nazirliyin bir sıra qurumlarının göstərdiyi xidmətlər, həmçinin də bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri bir məkanda təqdim olunur. Yetərincə də müasir və faydalı bir strukturdur.
Belə görürəm ki, informasiya, rəqəmsal bərabərszilik elə Nazilriyin öz strukturları daxilində də qalmaqdadır.

Ümid edirəm tez bir zamanda dəyişiklik yarada biləcəklər.

P.S. Son illər ərzində Azərpoçtun rəqəmsallaşması üçün Nazirlik və hökumət tərəfindən ayrılan vəsaitləri araşdırmağa həvəsim və vaxtım olmadı. 


Digər Xəbərlər

SON XƏBƏRLƏR