“Əli İnsanovun yerinə olsam, hakimiyyətin bəzi adamları ilə heç bir kompromisə girmərəm” - Maksim Musayev

20-03-2019 [12:23]

Sabiq deputat, YAP-ın qurucularından biri olan Maksim Musayev "Yeni Müsavat”a müsahibə verib.

Mia.az həmin müsahibəni təqdim edir:

- Siz demişdiniz ki, Əli İnsanov həbsdən çıxandan sonra müxalifətə qoşulmayacaq. Amma özü sizin dediklərinizi təkzib etdi, siyasətdə olacağını bildirdi. Hətta müxalifətin ona qoşula biləcəyi barədə proqnoz verdi. Bu barədə nə deyə bilərsiniz?

- Mən keçən dəfə də demişdim, Əli İnsanov müstəqil fikirli adamdır. Hər sahə üzrə özünün şəxsi mövqeyi var, istəyir elm, istəyir siyasət, istəyir iqtisadiyyat olsun. Çünki o, təkmil bir insandır. Mən indi zamin ola bilmərəm ki, hansı mövqeni tutacaq. Amma mən keçmiş partiyadaşı, deputat həmkarı kimi onun xüsusiyyətlərini bilərək bu fikri söyləmişdim ki, onun müxalifətə qoşulacağına inanmıram. Bir də ki, iqtidar da bizim özümüzünküdür, azərbaycanlıdır, bu millətin nümayəndəsidir, müxalifət də özümüzünküdür, millətin seçilmiş oğlanlarıdır. Mən burada iki cəbhəyə bölünmək, onları düşmən kimi qarşı-qarşıya qoymağı xoşlamıram. Niyə? Çünki mən də, elə Əli müəllimin özü də vaxtilə müxalifətdə olmuşuq. Müxalifətlə iqtidar dil tapıb söhbət etməli, məsələlərə aydınlıq gətirməlidirlər. Bir tərəfin fikirlərinə digər tərəf qarşılıqlı şəkildə münasibət bildirməlidir.

- Əli İnsanovla görüşmək imkanınız olubmu?

- Mən Əli müəllimlə görüşməmişəm. Səbəbini deyim: o gün hesabladım, bu adam 5 min sutkadır ki, evindən, eşiyindən, ailəsindən, qohum-əqrəbasından kənarda qalıb. 5 min sutkadır ki, həbsxanada, qazamatda olub. İndi gərək ona imkan verələr ki, adaptasiya olsun, özünə gəlsin, ətrafdakı məsələlərlə tanış olsun. Bəlkə onda elə ideyalar yarandı ki, biz heç o barədə bilmirik. Ona görə də, sözün düzü, əgər görüşü lazım bilsə, mən onunla görüşə gedəcəyəm. Çünki bu adam 5 min sutka həbsdə qalıb. Balaca məsələ deyil e. Bizi 5 gün nədənsə məhrum edəndə əzab çəkirik, elə deyilmi? Odur ki, özü nə vaxt lazım bilsə, mən görüşə bilərəm.

- Sabiq nazir çox iddialı danışdı. Sizə qəribə gəlmədi ki?

- Bilirsiniz, o, siyasətçidir də. Özü də yetkin adamdır, 73 yaşındadır. Danışmalıdır da. Həm də gedib orada restoranda-zadda gəzməyib ki. O əzabları görüb, məhbus yoldaşları ilə oturub-durub. Bunun yetkinliyi çox-çox genişmiqyaslı və dərindir.

- Qərbi Azərbaycan toplumu Əli İnsanovun azadlığa çıxmasını, söylədiyi fikirləri necə qarşılayıb?

- Vallah, xəbərim yoxdur. İnanmıram ki, qərbi azərbaycanlılar onun azadlığa buraxılmasından narazı qalsınlar. Yəqin ki, razıdırlar. Bir də ki, bu bölüşdürməni qəbul etmirəm. Bölüşdürürlər, qərbi azərbaycanlılar, naxçıvanlılar, qarabağlılar, şirvanlılar... Bunlar bizim milləti məhv etmək üçün düşünülmüş erməni variantıdır. Mən hər gün Ermənistan mediasına baxıram, erməni dilini unutmamaq üçün, oradakı siyasəti dərindən bilmək üçün.

Təbii ki, o siyasət mənim özümdən başqa heç kimə lazım deyil. Bilmirəm bu barədə kim maraqlanır, kim maraqlanmır. Orada böyük debatlar gedir. Qarabağ erməniləri, İrəvan erməniləri, Martuni erməniləri, Göyçə erməniləri və s. söhbəti gedir. Onlar deyirlər ki, biz bu bölgünü ləğv etməliyik, çünki bizi parçalayır. Eləcə də bu kimi bölgülər digər millətlərdə də var. Mən Rusiyada oxumuşam, orada da müdafiə etmişəm, onların da xüsusiyyətlərini bilirəm. Həmçinin gürcülərlə də işləmişəm, onlar da belə bölgülər aparır. Yəni belə məsələləri yığışdırmalıyıq. İndi qərbi azərbaycanlılara gəldikdə, sizə bir söz deyim, Əli İnsanov həbs ediləndə Qərbi Azərbaycandan olan bir neçə akademik televiziyada birbaşa onun üzünə durdu. Üçü də qərbi azərbaycanlı idi, elə deyilmi?

- Hesab olunur ki, Əli İnsanovun həbsindən sonra ən böyük zərbə elə Qərbi Azərbaycan toplumuna dəyib...

- Ay sağ ol. Onun üzünə neçə nəfər qərbi azərbaycanlı durub, bunu da unutmaq olmaz.

- Amma bəzən belə fikirlər də səslənir ki, qərbi azərbaycanlıların ağsaqqalı Əli İnsanovdur...

- Qətiyyən! Qətiyyən! Birincisi, qərbi azərbaycanlıların arasında belə bir tendensiya olmayıb ki, biz belə edərik, ya elə edərik. Bunlar artıq şeylərdir. Onsuz da kimin hansı qüvvəyə malik olduğu bəllidir. Artıq o dövr getdi.

- Keçmiş nazir azadlığa çıxmasına görə ABŞ və Avropaya təşəkkür etdi. Bildirdi ki, guya Azərbaycan prezidenti onu buraxmağa məcbur olub. Razılaşırsınızmı?

- Mən də o fikirləri eşitdim. Demək, o, nəsə bilirmiş ki, elə deyib.

- Deməli, siz də eyni fikirdəsiniz?

- Başqa cür nə düşünmək olar ki? Bir də yəqin cənab prezident bilib ki, azad etmək lazımdır. Cənab prezidentin burada imzası varsa, demək, rolu olub, bunu kənara qoymaq olmaz. ABŞ və digərləri sözünü deyiblərsə və həqiqətən də müdafiə ediblərsə - bu barədə mənim məlumatım yoxdur əlbəttə - sağ olsun hamısı. Amma sərəncamı imzalayan prezidentdir.

- Belə çıxmırmı ki, Əli İnsanovun keçmiş komandadaşları, hakimiyyət nümayəndələri ilə barışmaq fikri yoxdur?

- Mən inanmıram. Allah eləməsin, Allah eləməsin, mən də onun yerində olsaydım, bu hakimiyyətin bəzi adamları ilə heç bir kompromisə girmərəm. Mən onu düz başa düşürəm və düzgün mövqedə olduğunu da təsdiq edirəm. Həqiqətən də nə təhər olur, yüksək vəzifələrdə kresloda oturmusunuz... Sabah, birigün ola bilər ki, onlar üçün də belə variant əmələ gələ bilər, Allahın işini bilmək olmur. Ona görə də gərək bir-birimizin qayğısına qalaq. Əks təqdirdə, vəziyyət daha da pisləşə bilər. Burada şəxsi mənafe, pul, vəzifə güdmək milləti məhv edir.




SON XƏBƏRLƏR